"Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır" - Səfir (Foto)

"Azərbaycan Avropa İttifaqı (Aİ) ilə yeni tərəfdaşlıq sazişi üzrə danışıqların daha tez başa çatmasına ümid edir".

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Belçikadakı səfiri, Azərbaycanın Aİ yanında nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov deyib.

Diplomat bildirib ki, Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır:

"Bildiyiniz kimi müsbət dinamikalar həmişə ikitərəfli əməkdaşlığımızda üstünlük təşkil edir. Yeni saziş qarşılıqlı faydalı əlaqələrimizi daha da gücləndirəcək və hər iki tərəf üçün maraq doğuran bütün məsələlərə toxunacaq. Müzakirələr davam edir və biz onların erkən tamamlanmasına ümid edirik".

F.İsgəndərov qeyd edib ki, bu baxımdan Azərbaycan ölkənin Aİ ilə əməkdaşlığını dəstəkləyənləri nəzərə alır, tərəflər arasında tərəfdaşlığı pozmaq üçün istənilən cəhdə qarşı çıxır.

Diplomat həmçinin Avropa Parlamentinin Aİ-Azərbaycan sazişi üzrə danışıqların iştirakçılarına tövsiyələrini də şərh edib.

"Təəssüf ki, Avropa Parlamentinin press-relizlərində qəbul edilmiş sənədlərdəki tənqidi tövsiyələrin yeni saziş üzrə danışıqlarda ilkin şərtlər kimi göstərilməsi birinci hal deyil. Ancaq sənəddə vurğulanır ki, Azərbaycan vacib tərəfdaşdır və gələcək əməkdaşlıq üçün daha çox imkanlar var. Azərbaycanın da Aİ ilə bu danışıqlarda bəzi məsələlər üzrə "qırmızı xətt"i var, amma biz heç vaxt onları ilkin şərtlər kimi qoymamışıq. Avropa Xarici Əlaqələr Xidmətindəki tərəfdaşlarımız bu mövqeyi bölüşürlər. Hər iki tərəf saziş üzrə danışıqların əhəmiyyətini başa düşür".

F.İsgəndərovun sözlərinə görə, şantaj və ya danışıqları pozmaq üçün hər hansı cəhd uğurlu olmayacaq:

"Hesab edirik ki, danışıqların konstruktiv ruhu hər iki tərəfin vətəndaşları üçün məhsuldar nəticələr gətirəcək".