“Siyasətlə mədəniyyəti qarışdırmaq doğru seçim deyil” - Bəhruz Quliyev

“Azərbaycanda “Jara” festivalının keçirilməsini ilk növbədə ölkəmizin mədəniyyət sahəsində əldə etdiyi uğur kimi qiymətləndirmək lazımdır. Belə ki, bu festivalda bir çox tanınmış xarici estrada ulduzlarının iştirakı, Azərbaycanın tanıdılması, ölkəmizin tolerant və multikultural dəyərləri istiqamətində atılan əhəmiyyətli addımdır”.

Bu fikirləri Trend-ə ekspert Bəhruz Quliyev erməni əsilli Zaro Mqoyanın “Jara” fetsivalında iştirak etməsinə münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, adıçəkilən müğənni festival çərçivəsində Azərbaycan dilində mahnı da ifa edəcək və bu addım bilavasitə bir erməni əsilli mədəniyyət nümayəndəsinin Azərbaycanın həqiqətlərinin təbliğində rol alması kimi də dəyərləndirilə bilər:

“Kimsəyə sirr deyil ki, təkcə Azərbaycanda 30 minə yaxın erməni əsilli yaşayır, Ermənistan isə demək olar ki, ermənilərdən ibarət olan bir ölkədir. Əlbəttə, əgər nəzərə alsaq ki, Ermənistan monoetnik dövlətdir və orada yaşayan əhalinin 95 faizi ermənidir, bu zaman Azərbaycanda sülhpərvər və dözümlülük prinsipinin nə qədər yüksək səviyyədə olduğunun şahidi olarıq”.

Ekspert son olaraq vurğulayıb ki, siyasətlə mədəniyyəti qarışdırmaq doğru seçim deyil: “Siyasətlə siyasətçilər məşğul olurlar. Mədəniyyət isə insanlara xoş ovqat bəxş edən bir sahədir. “Jara” festivalı da artıq bir ənənə şəklini alaraq, ən tanınmış mədəniyyət ulduzlarının Bakıya gəlməsini təmin edir. Hesab edirəm ki, bu dəfə keçirilən festival da dünyanın diqqətində olacaq və ölkəmizin adı növbəti dəfə yüksəklərə ucalacaq”.

AzNews.az