Ermənilər vaxt istəyir, biz də gözləyirik...

Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Brüsseldə baş tutmuş ilk görüşünün detalları hələ tam məlum olmasa da, danışıqların hansı məcrada getdiyini təxmin etmək çətin olsa da, artıq ikinci görüşün sentyabrda olacağı bildirilir.

Prinsipcə, bunun özü də müsbət detaldır və N.Paşinyanın Dağlıq Qarabağ müstəvisində ilk fiaskosudur. İrəvanda axır başa düşdülər ki, danışıqları dayandırmaq onlar üçün daha çox problem yaradır, üstəlik, Paşinyanın Qərbin təzyiqini özündən yayındırmaq üçün ortaya atdığı bir məsələ - danışıqların Azərbaycanla qondarma Dağlıq Qarabağ arasında aparılması məsələsi də uğursuzluğa düçar oldu; danışıqlar prosesində hər hansı bir format dəyişikliyi baş vermədi, əvvəllər danışıqlar hansı format çərçivəsində olurdusa, indi də həmin formatda davam edir.

Əlbəttə ki, hamını daha yüksək səviyyəli dialoqun –prezident və baş nazir səviyyəsində aparılacaq danışıqların vaxtı düşündürür, çünki yalnız bu səviyyədəki görüşlər prosesin necə getməsi haqqında təxmin yarada bilər – elə nazirlərin də görüşləri bir növ hazırlıq xarakteri, daha böyük səviyyəli görüşlərə zəmin yaratmaq məqsədi daşıyır.

Amma aydın məsələdir ki, Azərbaycan prezidentilə Ermənistanın baş naziri arasındakı görüşlər yalnız Ermənistanda hakimiyyət məsələsi tam həll olunandan sonra baş tuta bilər. Güman, ermənilər yüksək səviyyəli görüşlər üçün vaxt istəyəndə də məhz bunu nəzərdə tuturlar.

Fəqət, bu məsələnin də həlli yubanır, hərçənd, cəmi bircə ay bundan öncə bununla bağlı ermənilər daha nikbin danışırdı və iyul ayında yeni seçki məcəlləsi qəbul olunandan sonra baş nazirin istefaya gedəcəyini və seçkilərə hazırlaşacağını bildirirdilər.

Amma baş nazirin problemləri aydan aya yox, az qala, günbəgün artır. “Məxməri inqilab”dan bir neçə ay keçsə də N.Paşinyan hələ də Rusiyanı özünə inandıra bilməyibdir, çünki rus kəşfiyyatı erməni baş nazirinin də aldada biləcəyi qədər də zəif deyil, onlar Paşinyanın Qərb istiqamətindəki çabalarını nəinki duyur, hətta aşkar şəkildə görürlər.

Bir neçə həftə bundan əvvəl NATO -nun Brüssel sammitində iştirak edən Ermənistan rəhbəri KTMT-nın üzvü olan ölkəni təmsil edən yeganə siyasi lider idi, üstəlik də hiss olunurdu ki, Kreml bununla bağlı ona xeyir – dua verməmişdi. Amma Paşinyan sammitə qatıldı və başqa bir şeyə nail olmasa da, bir - iki siyasi lider ilə şəkil çəkdirə bildi.

Fəqət, konkret nəticə baxımından Paşinyan Brüsseldən çox məyus qayıtdı, çünki erməni inqilabına görə Qərbdən hədiyyə ala bilmədi. İndi də nəzərləri okeanın o biri tərəfinə yönəlibdi, baxmayaraq ki, ikinci dəfə də Rusiyaya baş çəkmək və V.Putinlə bir daha görüşmək imkanını da əldən vermədi.

Bu, N.Paşinyana ona görə lazımdır ki, siyasi kuluarlarda Kremlin Ermənistana satılan qazın qiymətini qaldırmaq istədiyi haqda söhbətlər gəzir. Belə olsa, İrəvan ciddi sosial problemlər yaşayacaq və bunu dərk etmək böyük siyasətdə hələ ilk addımlarını atan Paşinyan üçün də çətin problem deyil.

O ki qaldı Qərbə, burada da məsələ çox qəlizdir. Görünür ki, inqilaba görə hədiyyə olmayacaq. ABŞ artıq dəstək üçün şərtlərini açıqlayıbdır və həm də D.Trampın erməni seçicilər qarşısında elə bir öhdəliyi yoxdur və o, İsraildəki səfirliyi Təl-Əvivdən Yerusəlimə köçürməklə bağlı qərar qəbul etməklə daha güclü və həm də imkanlı yəhudi lobbisinin dəstəyini özü üçün təmin edibdir.

Bir məsələni də deyək ki, seçkilər zamanı ermənilər D.Trampa yox, H.Klintona dəstək vermişdilər. Güman ki, artıq tərs adam reputasiyası qazanmış Tramp bunu da unutmayıbdır. Hətta Qərbdən maliyyə dəstəyi gəlsə belə, bir neçə yüz milyon dollar Ermənistanın problemini etməyəcək və Paşinyanın ağılı olsaydı iki –üç ay ərzində artıq bunu başa düşərdi, amma o, hələ də “ehtiyat çıxışları” axtarmaqla məşğuldur.

O ki qaldı Azərbaycana, əslində Bakı İrəvana şans verib. İrəvandakı siyasi qarışıqlıqdan istifadə edərək Dağlıq Qarabağ hərb teatrında vəziyyəti xeyrimizə dəyişə bilərdik, hətta bununla bağlı Kremldən müəyyən işarələr də gəlirdi. Amma ermənilərdən fərqli olaraq, Bakı bunu etmədi və ermənilərə ölkədəki siyasi vəziyyəti normallaşdırmaq üçün şans verdi.

Elə indi də Azərbaycan səbrlə Ermənistanın danışıqlara nə vaxt hazır olacağı vaxtı gözləyir. Aydın məsələdir ki, bu, bir neçə aydan çox çəkə bilməz, ona görə ki, N.Paşinyan bir neçə dəfə bəyan edib ki, seçkilər bu il baş tutmalıdır. Olsun. Daha bir neçə ay da gözləmək elə bir problem deyil və ən əsası odur ki, görəsən, nə vaxtsa baş tutacaq görüşdə erməni baş nazirinin Bakıya və eləcə də dünyaya deyəcəyi nə olacaqdır?..

Hüseynbala Səlimov