Bölgəmizdə qızışan geosiyasi savaşı sabiq Baş nazir Pənah Hüseyn şərh edir - MÜSAHİBƏ

Dünyada dəngələr dəyişir. Dəyişən dəngələr müqabilində Azərbaycanın yerləşdiyi fiziki və tarixi-siyasi coğrafiyada yeni tendensiyalar müşahidə edilir. Regionda nələr baş verir və baş verənlər qarşısında milli maraqlarımızın maksimum qorunması üçün hansı addımlar atılmalıdır? Bu əsas sual ətrafında AzNews.az Azərbaycanda strateji düşüncə sahibi olan fiqurlarla “Yaxın plan” rubrikası altında müsahibələr təşkil edəcək. Məqsədimiz ilk baxışda uzaq görünən məsələləri yaxın plana gətirmək və incələməkdir.

İlk müsahibimiz Azərbaycanın keçmiş Baş naziri, siyasi müxalifətin “ideya generatoru” sayılan Pənah Hüseyndir.

- Cənab Hüseyn, Sizin fikrinizcə, hazırda Ermənistanın daxilində hansı proseslər gedir?

- Ermənistanda vəziyyət siyasi cəhətdən qeyri-müəyyən olaraq qalır. Çünki “məxməri inqilab” adlandırdıqları məsələnin necə bitəcəyi və hadisələrin hara doğru inkişaf edəcəyi dəqiq məlum deyil. Rusiya ilə Ermənistan arasında müəyyən gərginliklər açıq-aydın görünməkdədir. İndiki rejim onların “məxməri inqilab” dediyi hadisə nəticəsində qərarlaşıb. Ölkənin taleyinin də gələn ilin aprel-may aylarında keçiriləcək seçkilərdə müəyyən olunması gözlənilir. Güman edirəm ki, həmin dövrə qədər xüsusi hansısa fors-major hadisə baş verməsə, Rusiya tərəfi seçkilərdə öz tərəfdaşlarının bəraətə çıxması üçün cəhd göstərəcək. Digər tərəf isə bunun qarşısını almağa cəhd edəcək. Hal-hazırda 2008-ci illə bağlı təhqiqat aparılır. Robert Koçaryan həbs olundu, bir neçə nəfər haqqında proses hələ də davam edir. Korrupsiyaya qarşı mübarizə kampaniyası adı altında köhnə Sarkisyan rejiminin tərəfdarları haqqında işlər aparılır. Amma hər halda əhəmiyyətli bir şəkildə Ermənistandakı mübarizələrin necə nəticələnəcəyi Rusiya və ABŞ arasındakı hazırki gərginlik prosesindən aslıdır. Hesab edirəm ki , bu mühüm məsələdə Azərbaycan hökuməti torpaqlarımızın azad olunması üçün silahlı qüvvələrdən istifadə olunmaqla əməliyyatlara başlayarsa, müəyyən antiterror tədbirləri, əraziləri işğaldan azad etmək üçün hərbi tədbirlər həyata keçirərsə, Ermənistandakı qeyd etdiyimiz proseslər də əhəmiyyətli təsir amillərdən biri ola bilər. Ümumiyyətlə dünyada elə proseslər gedir ki bunu əlahiddə şəkildə müəyyən elementlər arasındakı münasibətlər kimi təhlil etmək doğru olmaz. Hazırda qlobal səviyyədə ABŞ rəqiblərinə qarşı Trump hökümətinin sanksiyalarını yağdırır. Buna görə də İranla məsələlər gərginlik həddindədir. Bu məsələlərin cəmi istər-istəməz dünyanın hər guşəsinə öz təsirini göstərir. Ermənistan, Azərbaycan, Rusiya, İran, Türkiyə əlaqələri də qeyri-müəyyənlik dövrünü yaşayır. Ona görə də hər an dəyişən situasiyaya uyğun dəyişən qərarlar qəbul etmək lazım gəlir. Lakin bu çox çəkməyəcək, yeni nizam yaranacaq. Strateji baxımdan isə mənim fikrimcə bəzi şeylər dəyişməz qalacaq.

- Müşahidələr göstərir ki, Paşinyan hazırda, obrazlı desək, regionda marağı olan beynəlxalq güclərə “göy muncuq” göstərməklə məşğuldur. Bu siyasət hara qədər davam edə bilər?

- Hesab etmirəm ki, Paşinyan hal-hazırda ciddi rol oynayır. Ermənistanda ciddi bir hadisə baş verib və demək olar ki korrupsiyalaşmış hərbi faşist Koçaryan- Sarkisyan klanı hakimiyyətdən uzaqlaşıb, Ermənistanın qarşısında yollar açılıb. Paşinyan fərqli addımlar atmasa, taleyi yaxşı olmayacaq. Yeganə çıxış yolu Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü təmin olunması şərti ilə sülhə getmək ola bilər. Bu onun hakimiyyətinin qalıb qalmamasını müəyyən edəcək. Bu baxımdan Paşinyanın “göy muncuq” göstərməsi məsələsini mən o qədər də ciddiyə almıram.

- Paşinyanın daxili siyasətdə əsas hədəflərindən biri odur ki, Ermənistandakı Qarabağ klanını zərərsizləşdirsin. Paşinyan bu məqsədə nail ola biləcək mi?

- Bizim Ermənistanın daxili siyasəti ilə bağlı fikirlərimiz yalnız internet resurslarındakı məlumatlara, erməni ekspertlərinin rəylərinə, Qərblə bağlı yazan Rusiya politoloqlarının fikirlərinə əsasən formalaşır. Bilavasitə burdan müşahidə etmək və düzgün təhlillər aparmaq problemli məsələdir. Fakt ondan ibarətdir ki, regionda faşist tipli terrorçu siyasi təşkilat meydana gəlmişdi və bu Qarabağ klanı idi. Bu klanın erməni millətinin və dövlətinin perspektivi baxımından uzunmüddətli müsbət nəticələr vəd etmək imkanı yox idi. Dediyimiz klanın hakimiyyətdən uzaqlaşdırılması, prinsipcə regionda müsbət dəyişikliyə yol açmalıdır. Amma bu proses axıra qədər gedəcəksə! Paşinyan hər halda öz hərəkətlərində o qədər də sərbəst deyil. Məsələn, oğlunun Qarabağa hərbi xidmətə göndərməsi kimi ağılsız hərəkətlərlə özünü ciddi bir labirintə salıb. Bu sayaq davakar bəyanatları, Azərbaycanla Ermənistan arasındakı müharibənin çözülməsi istiqamətində guya “radikal” bəyanatlar səsləndirməsi öz taleyi üçün mənfi rol oynaya bilər. Güman eləmirəm ki, bu cür bəyanatlara həssas dairələr maraqlarının siyasi ifadəsi kimi Paşinyanı görsünlər. Azərbaycan hökümətinin və cəmiyyətinin vəzifəsi ondan ibarətdir ki, yaranmış vəziyyətdən torpaqlarımızın xilası üçün maksimum istifadə edək. Azərbaycan iqtidarı təkcə ordunu yox, cəmiyyəti də müharibəyə hazırlamalıdır. Bu azadlıq müharibəsinə hazırlıq da ciddi reformalar tələb edir.

- Beynəlxalq KİV-də tez-tez açıqlama və rəylər səslənir ki, Rusiya Paşinyanı cəzalandıracaq. Bu ehtimal barədə nə düşünürsünüz?

- Rusiyanın əvəzinə şərhlər verməyim bir qədər qeyri-ciddi olar. Amma hər halda bu gün biz belə gərginlik müşahidə edirik ki, Rusiya-Ermənistan iqtidarı arasındakı münasibətlərdə Ermənistanın Rusiyaya müqavimət göstərmək potensialı çox aşağıdır. Mən fikirləşirəm ki, Ermənistan dövlət olaraq varlığını tarixən Rusiyaya borcludur. Rusiyaya söykənərək özünü reallaşdırıb.

- Bildiyiniz kimi, işğalçı Ermənistan Azərbaycan tərəfindən blokadaya alınıb. Buna baxmayaraq Ermənistanın əsas ticarət əlaqələri İranladır. ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar Ermənistandakı sosial vəziyyətə necə təsir edəcək?

- Azərbaycanın Ermənistanı blokadaya almaq məsələsi terminoloji olaraq yalnışdır. Sadəcə Ermənistan bizim torpaqlarımızı işğal edib, bizə qarşı müharibə aparır. Bunun nəticəsində isə müəyyən istiqamətlərdə iqtisadi, ticarət, tranzit əlaqələrini həyata keçirə bilmir. Məsələyə bu şəkildə baxmaq lazımdır. İran-ABŞ konflikti konkret olaraq İrana qarşı müəyyən problemlər yarada bilər. Ermənistanın ABŞ-dan maliyyə asılılığı o dərəcədə deyil ki bu sanksiyalar Ermənistanın inkişafı üçün həll edici əhəmiyyətə malik olsun. Daha əhəmiyyətli nüanslar Rusiya ilə bağlıdır. Amma ABŞ-ın sanksiyalarının genişənəcəyi təqdirdə, əlbəttə ki, Ermənistan üçün də müəyyən problemlər yaranacaq.

- Ümumiyyətlə Sizin fikrinizcə, ABŞ-ın İrana sanksiyaları qarşısında İslam respublikası nə qədər tab gətirə bilər?

- Hər halda 1979-cu ildən bəri İran tab gətirib. İndiki vəziyyətdə ABŞ-ın sanksiyalarına adekvat halda cavab tapılacaq. Fikrimcə, ABŞ və Rusiya arasında İran üzərindən bazarlıq baş tutmazsa, İran davam gətirə bilər. Yox, əgər Rusiya ilə ABŞ arasında sövdələşmə olarsa, İran üçün müəyyən çətinliklər yarana bilər. Məsələ odur ki, ABŞ-ın İranda məqsədi nədir? Rejim dəyişdirməkmi, yoxsa İranı kiçik dövlətlərə parçalamaqmı? ABŞ-ın özünün bu məsələdə konkret strategiyasının müəyyənləşməsi barədə danışmaq çətindir. İstənilən halda region çox çətin dönəmdən keçir və bunlar Türkiyəyə, Ərəb dövlətlərinə, hətta uzağa getsək, Çinə də təsir edən məsələlərdir.

- Bəs, bu sanskiyaların Azərbaycana və Türkiyəyə təsirləri barədə nə deyə bilərsiz?

- Türkiyə ilə ABŞ arasında ciddi gərginlik müşahidə etmirik. Baxmayaraq ki cəhdlər göstərir, xüsusən nazirlərə siyasi xarakterli olan sanksiyalara Türkiyədə müəyyən təpkilər göstərildi. Hələlik iqtisadi nəticələr açıq görünməyə bilər. Amma lirənin vəziyyəti göz qabağındadır. Bu məsələnin iki tərəfi, iki başı var. Bir də gördünüz bütün qüvvələr ABŞ-a qarşı qalxıb və sistemli birlik əmələ gəlib.

- Sizin fikrinizcə, İran ABŞ-ın sanksiyalarına qarşı müqavimət gücünü artırmaq üçün AB ilə hansı səviyyədə əməkdaşlıq qurmağa cəhd göstərəcək?

- İran sanksiyalara qarşı ən təcrübəli ölkələrdən biridir. Bilirsiniz ki, onillərdir ki, ABŞ İrana bu cür sanskiyalar tətbiq edir. Hal-hazırda Avropa Trampın siyasətindən çox da xoşhal deyil. AB ilə ABŞ arasındakı bu rəqabətdən də İran şübhəsiz ki yararlana bilər və yararlanır. Məsələ müharibəyə keçərsə, əlbəttə, ABŞ-ın qələbəsi yüz faiz deyil. Amma bu barədə çox ciddi bir müzakirə gedir. Bunun nəticəsi həm də elmi cəhətdən çox maraqlıdır.

- Cənab Hüseyn, sanksiyalar fonunda İran-Rusiya münasibətlərini də şərh etməyinizi xahiş edirik.

- Rusiya əgər İranı satmasa, - Rusiya tarixində bu cür qərarları müşahidə eləmişik- əvəzində İran nə isə bir taviz verməlidir. Rusiyada da üstün olan meyl ondan ibarətdir ki, İran bu çarpışmada məğlub olarsa, sondakı hədəflərdən biri, bəlkə də birincisi Rusiya ola bilər. Ona görə də Rusiyanın reaksiyası maraqlıdır. Fikrimcə İrana qarşı Rusiya ilə ABŞ arasında ittifaq perspektivi və yaxud sövdələşmə hələ ki o qədər də real görünmür.

- Bütün tendensiyalar onu göstərir ki, bölgəmizdəki diplomatik konfliktlər latent fazadan çıxmaqdadır. Fikrinizcə belə bir vəziyyətdə Azərbaycanın diplomatik hədəfləri necə olmalıdır?

- Burada diplomatik mübarizədən söhbət getmir. Gözümüzün qarşısında tarix dəyişir. Yeni dövr tarixində çox nəhəng güclərin olduqca təhlükəli nəticələr verə biləcək, sözün həqiqi mənasında çarpışması müşahidə olunur. Bu hətta müəyyən xarakterli müharibələri də istisna etmir. Ona görə də vəziyyət daha ciddidir. Azərbaycanda bir neçə illik doktrina hazırlanmalıdır. Strateji, elmi cəhətdən doğru düzgün bir modul hazırlanmalıdır ki, hər an dəyişə bilən, hətta bir-birinə zidd situasiyaların əvəzlənməsi şəraitinə uyğun olan bir xarici siyasət yürütmək olsun. Təhlükəsizliyimiz bu situasiyalarda təmin olunsun. Bəzən böyük tarixi qazancları böyük sarsıntılar, iqtisadi böhranlar vaxtı əldə edirlər.

Pərvanə AĞAZADƏ
AzNews.az