- Köhnə - Siyasət
- 5 Sentyabr 2018 11:31
- 6 333
Azərbaycanda rus icması üçün bütün şərait yaradılıb - Millət vəkili
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya dövlət başçısı Vladimir Putinlə sentyabrın 1-də reallaşan görüşü bir sıra mühüm məqamlarla yadda qaldı.
Bu səfərdə tərəflər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istəyi ön plana çıxdı. İmzalanan sənədlərin mahiyyətinə nəzər saldıqda da bunu görmək mümkündür.
Mövzu ilə bağlı fikirlərini açıqlayan millət vəkili Musa Qasımlı deyib ki, ölkə prezidentinin Rusiyaya səfəri iki ölkə arasında münasibətlərin inkişafını daha da sürətləndirəcək:
“Prezident İlham Əliyevin Rusiya Federasiyasına səfəri və səfər zamanı Prezident Vladimir Putin ilə müzakirə edilən məsələlər və imzalanan sənədlər böyük əhəmiyyət kəsb edir. Təbii ki, aparılan danışıqların nəticəsi olaraq əməkdaşlıq daha da genişlənəcək. Rusiyada hələ də Ermənistanı müdafiə edən bəzi dairələr və şəxslər başa düşəcəklər ki, Cənubi Qafqazda Rusiya üçün ən vacib ölkə məhz Azərbycan Respublikasıdır. Rusiya ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Rusiyanın Ermənistana böyük təsir imkanları var”.
M.Qasımlı həmçinin bildirib ki, iki ölkə arasında münasibətlərin əsasında mühüm faktorlar dayanır. Onun sözlərinə görə, Azərbaycan və Rusiya qonşudurlar, uzun illər boyu vahid sosial-iqtisadi, siyasi, hərbi, ideoloji sistemdə bir dövlətin tərkibində ittifaq respublikaları olublar: “Rusiyada azərbaycanlı, Azərbaycanda isə rus icması vardır. Rus icması üçün bütün şərait yaradılıb. Azərbaycan məktəblərində rus bölməsi fəaliyyət göstərir. Rus dilində qəzetlər, saytlar, radio və televiziya proqramları vardır. Hesab edirəm ki, prezident İlham Əliyevin Rusiyaya səfəri Rusiya-Azərbaycan münasibətlərində strateji müttəfiqlik baxımından yeni mərhələnin başlanmasına zəmin yaradır”.
Hafta.az-a fikirlərini bildirən iqtisadçı-ekspert Vüqar Bayramov da hesab edir ki, prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri zamanı imzalanan sənədlərdə nəzərdə tutulan fəaliyyətlər, bu fəaliyyətlərə uyğun müəyyənləşdirilmiş prioritetlər Rusiya ilə həm dövlətlərarası, həm də şirkətlərarası münasibətlərin növbəti dövrdə daha da inkişaf edəcəyinə əsas verir:
“Səfər çərçivəsində region üçün kifayət qədər əhəmiyyətli sənədlər imzalanıb. Təbii ki, Azərbaycan və Rusiya müstəqil dövlətlər kimi öz milli maraqlarını qoruyaraq bu anlaşmaları imzalayıb. Bu müqavilələr hər iki dövlətin maraqlarına uyğun sənədlərdir. Şimal-Cənub nəqliyyat dəhlizi regionun əhəmiyyətini artıran layihə kimi qiymətləndirilir. Bu dəhlizin reallaşdırılması Rusiyadan başlayaraq yüklərin Hindistana qədər nəql edilməsinə imkan verəcək. Eyni zamanda, gömrük və digər sektorlarda əməkdaşlıq iki ölkənin gələcəkdə strateji müttəfiqliyinin genişləndirilməsinə xidmət edəcək sənədlərdir”.
Ekspert vurğulayıb ki, Rusiya iqtisadi baxımdan Azərbaycan üçün strateji müttəfiqlərdən sayılır: “Nəzərə alsaq ki, Rusiya Azərbaycanın qeyri-neft ixracında əsas tərəfdaşdır. Azərbaycanın 1,5 milyard dollardan çox qeyri-neft ixracının 34 faizi Rusiyanın payına düşür. Bu isə o deməkdir ki, Rusiya ilə Azərbaycan arasında qeyri-neft ixracı təxminən yarım milyard dollardır. Azərbaycanın ixrac etdiyi aqrar məhsulların 90 faizdən çoxu Rusiya bazarına göndərilir. Nəticədə Rusiya qeyri-neft, eləcə də aqrar məhsulların ixracında əsas tərəfdaş rolunu qoruyub saxlamaqdadır. Rusiya Azərbaycan üçün regionda iqtisadi layihələrin reallaşdırılması baxımından strateji müttəfiqlərdən biridir. Azərbaycanın Rusiyada sərmayəsi var. Rusiya Azərbaycan iqtisadiyyatına sərmayə yönəldən ölkələrdən biridir. Dövlət Neft Fondu Rusiya bazarında sərmayə qoyuluşları həyata keçirir. Digər tərəfdən hazırda iki ölkə arasında münasibətlər yalnız dövlət səviyyəsində deyil, şirkətlər səviyyəsində də inkişaf etməkdədir. Belə ki, prezidentlərin sonuncu görüşündə SOCAR-la şirkətlərarası müqavilənin imzalanması strateji əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etməsindən xəbər verir. Bu səfər onu göstərir ki, Azərbaycan həm inkişaf etmiş Avropa ölkələri ilə, həm Rusiya ilə bərabər səviyyəli strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır”. (hafta.az)
AzNews.az