Deputat nazirliyə nəyi xatırlatdı?

Məlum olduğu kimi, millət vəkili Əli Məsimli Milli Məclisin aprelin 30-da keçirilən iclasında çıxış edərək bildirib ki, ölkədə yoxsulluq həddinin azalması ilə bağlı statistika süni şəkildə aşağı salınıb:

"Son illlər rəsmi statistika məlumatları əsasında Azərbaycanda yoxsulluq göstəricisi ildə orta hesabla 1,6 faiz aşağı düşür. Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi də buna müvafiq olaraq ünvanlı dövlət sosial yardımı alanların sayını ildə orta hesabla 20 min nəfərə qədər azaldır.Yoxsulluq kimi ciddi məsələyə bu cür yanaşılması Azərbaycanda sosialyönlü bazar iqtisadiyyatı quruculuğu haqda konstitusion tələblərə, "Ehtiyac meyarı haqqında" qanuna ziddir".

Millət vəkilinin ciddi iradına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədov mətbuata verdiyi açıqlamada Nazirliyin əhalinin sosial müdafiəsini hökumətin təsdiq etdiyi qanun əsasında icra etdiyini , ünvanlı sosial yardımı isə parlament tərəfindən qəbul olunan qanuna uyğun qaydalar əsasında təyin etdiyini bildirib. Millət vəkilinin yardım alanların sayının ildə 20 min azalması barədə səsləndirdiyi statistikanın isə real olmadığını vurğulayıb.

AzNews.az bu real olmayan statistikanın millət vəkilinin əlinə haradan keçməsi ilə maraqlanıb. Məlum olub ki, həmin rəqəmlər rəsmi statistikadır. Dolayısı ilə Stastistika Komitəsinə elə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən gedib. Millət vəkili Əli Məsimli AzNews.az-a açıqlamasında bunları deyib:

"Mən onu rəsmi statistikadan götürmüşəm.Ünvanlı sosial yardım alan ailələrin sayını 140 mindən 120 minə endirilib və proses davam edir".

Əli Məsimli Milli Məclisdə ona olan müraciətlərdən sonra rəsmi statistikanı araşdırdığını deyib: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmi statistikanı bilmir ki? Bilmirlərsə, hər ehtimala qarşı yenidən xatırladıram: 2010-cu ildə 144 844 ailə, 2012-ci ildə isə 120 478 ailə ünvanlı sösial yardım alıb, yəni ünvanlı sosial yardım alan ailələrin sayı 24 366 ailə azalıb. Mən də bunu yuvarlaqlaşdırıb 20 min ailə demişəm. Yəni, onların verdiyi rəqəmi azaltmışam".

Ruhiyyə
AzNews.az