BAXCP SƏDRİ ZİYAFƏT ƏSGƏROVU SƏRT ŞƏKİLDƏ TƏNQİD ETDİ BAXCP SƏDRİ ZİYAFƏT ƏSGƏROVU SƏRT ŞƏKİLDƏ TƏNQİD ETDİ

“Bacarmırsınızsa, çıxın gedin!” – Qüdrət Həsənquliyev

BAXCP SƏDRİ ZİYAFƏT ƏSGƏROVU SƏRT ŞƏKİLDƏ TƏNQİD ETDİ



"Parlamentin imicinin normal olması ilk növbədə ölkə prezidentinə lazımdır. Onlar bu cür çıxışlarla guya prezident İlham Əliyevə xidmət göstərirlər, ancaq düşünmürlər ki, əksini edirlər. Prezidentə xidmət etmək istəyirsinizsə, parlamentin iclasını vaxtında keçir, sessiyaları normal idarə et. Əgər Milli Məclisin rəhbərliyindəki şəxslər bunu anlamırlarsa, bu işin öhdəsindən gələ bilmirlərsə, çəkilib getsinlər".

AzNews.az-ın məlumatına görə, bu sözləri APA TV-yə müsahibəsində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev deyib.

Q.Həsənquliyev deyib ki, Yeni Azərbaycan Partiyasında Milli Məclisi idarə edəcək kifayət qədər hazırlıq kadrlar var, əgər parlamentin hazırkı rəhbərliyi bu işi bacarmırsa, çəkilib, yerini həmin adamlara versin: "Bu adamlar özlərini iqtidarın təəssübkeşi kimi göstərməyə çalışırlar. Ancaq başa düşmürlər ki, büdcənin müzakirəsiz qəbul edilməsi ölkənin imicinə ziyan vurur".

Deputat təəssüf edib ki, belə adamlar Milli Məclisin rəhbərliyində özlərinə yer tapa bilirlər: "Mən Ziyafət Əsgərovun cavabını özüm qaytarardım. İmkan vermədilər ki, imkan vermədilər ki, büdcə ilə bağlı çıxışa yazılım".

Qeyd edək ki, Milli Məclisin bugünkü iclasında Qüdrət Həsənquliyev cari məsələlərin müzakirəsi zamanı deputatlara çıxış üçün söz verilməməsinə etiraz edib. O deyib ki, heç SSRİ Ali Sovetinin iclaslarında belə müzakirələr aparılmırdı.

Onun bu çıxışını parlament sədrinin birinci müavini Ziyafət Əsgərov etirazla qarşılayıb:
"Parlament seçkiləri 2015-ci ildə keçiriləcək, amma siz indidən PR-a başlamısınız. Jurnalistlərə özünüzü göstərirsiniz, bu nə ucuz PR-dır. Ayıb olsun".

Parlamentin sədri Oqtay Əsədov isə məsələyə belə münasibət bildirib: "Büdcənin icrası ilə bağlı müzakirə zamanı deputatların sözünün olub-olmamağını təkid etdim, amma heç kim çıxış üçün təkid etmədi. Mən hər zaman çıxış üçün təkid edənlərə söz verirəm, amma belə bir şey olmadı. Amma bu daldan atılan daşa bənzəyir. Son iclasda belə bir şey bizə lazım deyil. Bu nə sizə, nə də bizə yaraşmaz. Mən bu çıxışı düzgün hesab etmirəm. Milli Məclisi Ali Sovetin Rəyasət Heyəti adlandırmaq düzgün deyil. Kim deyər ki, deputatlara söz verilmir?! Sonra çağırış etmək ki, jurnalistlər bunu yazsın, bu, düzgün deyil. Mən bu məsələni düzgün saymıram".

Anar
AzNews.az