İbrahimbəyovun seçki qərargahının yeri bəlli oldu

Milli Şuranın ötən gün baş tutan iclasında müzakirəyə çıxarılan məsələlərdən biri də qurumun seçki qərargahının yaradılması və qərargaha rəhbər təyin edilməsi idi. Gərgin müzakirələrdən sonra gözlənilən baş tutmasa da, vahid namizəd Rüstəm İbrahimbəyovun seçki qərargahı üçün məkan müəyyən edilib. Belə ki, Milli Şuranın seçki qərargahı Milli Məclisin keçmiş sədri Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) qərargahında fəaliyyət göstərəcək. Bu barədə modern.az Milli Şura-dan məlumat verilib.

Milli Şura üzvü Zəfər Quliyev də modern.az-a açıqlamasında faktı təkzib etməyib. Hazırda bu istiqamətdə danışıqların getdiyini deyən Z.Quliyevin fikrincə, seçi qərargahının ACP-də formalaşacağı istisna deyil.:

"Bu barədə heç nə deyə bilmərək. Müxtəlif variantlar var. Hələki seçim edilməyib. Gözləyirik".

ACP sədri Sülhəddin Əkbər də açıqlamasında qərargahı Milli Şuranın vahid namizədi üçün verməyə hazır olduqlarını bildirib.

"Bu haqda bizə İcra Aparatının müraciət daxil olmayıb. Amma biz Milli Şuranın vahid namizədini dəstəkləyirik və seçki qərargahının fəaliyyəti üçün məmnuniyyətlə öz qərargahımızı verə bilərik"-deyə S.Əkbər məsələyə aydınlıq gətirib.

Qeyd edək ki, MŞ-nın seçki qərargahına Eldar Namazovun sədr təyin ediləcəyi gözlənilir.

AzNews.az