“Həmişə tərbiyəsiz adamlara cavab vermişəm”- Rəsul Quliyev

"Müsavat Partiyasını hədəfə alsaydım, daha çox şeylər yaza bilərdim".

AzNews.az-ın məlumatına görə, bunu Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev "facebook" sosial şəbəkəsindəki səhifəsində yazıb.

ACP lideri Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlının onun barəsində dediyi fikirlərə münasibət bilidirərək qeyd edib ki, o, Müsavata qarşı deyil, sadəcə, partiyanın başqanı İsa Qəmbərin namizədliyini geri götürməməsinə etiraz edir:

" Müsavat başqanının namizədliyini geri götürməməsinin düzgün olmadığını və hansı nəticələrə gətirib çıxardacağını diqqətə çatdırmışam. Mənim Müsavatla bağlı hədəfim olsaydı, daha çox şeylər yaza bilərdim. İndi Əli Kərimli, Lalə Şövkət Hacıyeva və başqaları öz namizədliklərini irəli sürməyiblər, mən necə onların əleyhinə yaza bilərəm? Hədəfə Müsavat Partiyası yox, namizədliyin irəli sürülməsi və geri götrülməməsi götürülüb".

Rəsul Quliyev Müsavat funksionerlərinə cavab verməsini belə əsaslandırıb: "İndiyə qədər həmişə tərbiyəsiz adamlara cavab vermişəm".

Amma R. Quliyev qeyd edib ki, G. Aslanlıya verdiyi cavab "daha çox dostluq mesajına yaxın idi".

Xatırladaq ki, Gülağa Aslanlı APA-ya açıqlamasında Rəsul Quliyevin Müsavat Partiyasını hədəf seçməsinin səbəbini anlamadığını və onun indiyə qədər bu suala cavab vermədiyini deyib.

AzNews.az