“Milli Şuranın namizədi vahiddir və vahid qalacaq”

"Milli Şurada iki namizədin olması qurumu parçalamağa aparmır. Ancaq ikinci namizədin ortaya ehtiyat namizəd iddiası atması sonda zərbəni onların özünə vuracaq".

Bunu AzNews.az-a Milli Şuranın üzvü və "El" Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev deyib. Onun sözlərinə görə, Milli Şuranın vahid namizədi var və ehtiyat namizədə indiki halda ehtiyac yoxdur: "Milli Şuranın namizədi vahiddir və vahid olaraq da qalacaq. Namizəd məsələsinin gündəmə gəlməsi təəccüblüdür. Çünki iki gün əvvəl Müsavatın öz fikrində qalması təkidlə vurğulanırdı".

E.Quliyev bildirib ki, İsa Qəmbər Milli Şuranın əsas simalarından biridir və bu baxımdan, onun irəli sürdüyü bütün təkliflər Milli Şurada müzakirə olunacaq: "Əgər Müsavat başqanı bu məsələni Milli Şurada qaldıracaqsa, təbii ki, bu, müzakirə olunacaq".

Bahar Rüstəmli
AzNews.az