“Əli Kərimli müxalifətə “torba” tikdi” - İTTİHAM

Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli AXCP sədri Əli Kərimli haqqında sərt ittihamlar irəli sürüb. AzNews.az-ın məlumatına görə, Müsavat Partiyası Mərkəzi Aparatının rəhbəri Arif Hacılının da qardaşı olan V.Hacıbəyli AXCP sədrini müxalifətə torba tikməkdə ittiham edib.

O, "facebook" sosial şəbəkəsində yazdığı qeyddə bildirib: "Əli Kərimlinin miskin bir durumda olduğunu, hətta Milli Şura və vahid namizəd ətrafında yaranmış şəraitə şərh vermək iqtidarında belə olmadığını bildirmişdim. Ətrafındakı bəzi "ağıllılar" anonim imzalarla cavab verdilər ki, Əli bəy müxalifətə yaxşı torba tikib, tərpənə bilmirlər. Nəhayət onun özünün cari durumla bağlı şərhi bu gün məlum olub. Ənənəvi şantaj (onu tənqid edənlər pulla ələ alınıblar) demoqogiya (hər şeyi düz etmişik və bu səbəbdən iqtidar artıq şalvarını batırıb) və hikkə (indidən sonra da mən deyən olacaq). Nə olsun? Nədir qazancın? Müsavat pis-yaxşı təbliğatını aparırdı, onları iflic etdiz. Təriflədiyiniz Milli Şuranın hansı səmərəsi var? İş o yerə çatıb ki, Rəsul Quliyev demokratik düşərgənin vahid namizədi olmaq iddiasına düşüb. Budurmu uğur? Üzərinə məsuliyyət götürüb xalqı irticaya qarşı aparmaq iqtidarında olanları vaxtında hədəfə alıb şantaj etdiniz, onlara arxadan zərbə vurdunuz, ətrafınizdakılar demişkən "torba tikdiniz".

Məsuliyyəti üzərinizə götürüb, xalqı arxanızca aparmağa özünüzdə siyasi cəsarətiniz olmadığından vəziyyətdən çıxış yolu kimi Rüstəm İbrahimbəyovu qabağa verdiniz, indi də siyasi məkrlərdən bixəbər olan bu adamın siyasi təcrübəsizliyindən istifadə edərək, ona bu gün dediyi fikri sabah dəyişməyə vadar edərək müxalifətdaxili siyasi mübarizədə alətə çevirmək istəyirsiz. Bəs deyilmi bu oyunlar? Milli Şuranın antimüsavat siyasi kursunun bu qurumun siyasi nüfuzuna öldürücü siyasi təsir göstərdiyinin fərqində deyilsinizmi? "Milli Şuranın alternativi yoxdur deyir" Əli Kərimli.

Bəli, birliyin alternativi həqiqətən yoxdur, lakin bu mənəvi əsası olan birlik olmalıdır, müxalifətdaxili münasibətlərin sağlamlaşmasına xidmət edən birlik olmalıdır, ölkədə siyasi fəallığın artırılmasına təkan verən birlik olmalıdır. Hələlik isə bunların tam əksini görürük"

AzNews.az