MSK daha bir namizədin sənədlərini təsdiqlədi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.


APA-nın məlumatına görə, toplantıda MSK-nın 26 iyul, 2 avqust və 10 avqust tarixli iclas protokolları təsdiq edilib.

MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçən iclasda Azadlıq Partiyası tərəfindən namizədliyi irəli sürülən Əhməd Abdul oğlu Orucovun (Əhməd Oruc) prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiq olunması məsələsinə də baxılıb.

Əhməd Abdul oğlu Orucovun namizədliyinin irəli sürülməsi səsvermə ilə rəsmən təsdiq olunub.

Həmçinin Əli Muxtar oğlu Rzayev Azadlıq Partiyasının səlahiyyətli nümayəndəsi kimi qeydə alınıb.

İclasda MSK katibləri Arifə Muxtarova, Mikayıl Rəhimov və qurumun üzvü Şaitdin Əliyev bəzi dairə seçki komissiyalarının tərkibinə dəyişiklik edilməsi ilə bağlı danışıblar.

M. Pənahov həmçinin bildirib ki, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Məmmədmübariz oğlu Əlizadənin namizədliyinin qeydə alınması ilə bağlı da MSK-ya müraciət daxil olub: "Onun və başqalarının sənədləri tam qaydasında olmadığına görə, onlara növbəti iclaslarda baxılacaq".

Sonra cari məsələlər müzakirə olunub.

Qeyd edək ki, 7 nəfər prezidentliyə namizəd kimi seçki sənədlərini MSK-ya təqdim edib.

Bunlar YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından Partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından sədr Fuad Əliyev, ASDP sədri Araz Əlizadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadədir.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib. Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.

MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib.

Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir.

Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib.

AzNews.az