Milli Şuranın sessiyasından öncə məxfi toplantı - İLGİNC

Eldar Namazovun projesi fiaskoya uğrayır?

Bu gün Milli Şuranın növbəti sessiyasıdır. AzNews.az-ın məlumatına görə, saat 17:00-da Klassik Xalq Cəbhəsi Partiyasının qərargahında keçiriləcək sessiyada bir sıra mühüm qərarlar qəbul ediləcək. Sessiyada həmçinin Milli Şuranın ehtiyat namizədinin müəyyənləşdiriləcəyi gözlənilir. Qeyd edək ki, bugünkü sessiyada MŞ-in seçki strategiyası ilə bağlı mühüm dəyişikliyə gediləcəyi üçün toplantının kifayət qədər gərgin keçəcəyi gözlənilir. Bu gərginliyi aradan qaldırmaq üçün Milli Şura bir gündə iki iclas keçirəcək.

Daxil olan məlumata görə, MŞ-in ilk iclası saat 12-də Açıq Cəmiyyət Partiyasının ofisində baş tutacaq. İclasda Milli Şuranın komissiya rəhbərləri, partiya sədrləri və hərəkat liderləri iştirak edəcək. İclasda MŞ-in ehtiyat namizədin kimliyinin müəyyənləşədiriləcəyi bildirilir.

Milli Şuradakı mənbələrdən AzNews.az-a daxil olan digər məlumatda isə qurum daxilində baş verən başqa ilginc hadisədən bəhs edilir. Belə ki, mənbəmiz iddia edir ki, qurumun icra aparatının rəhbəri Eldar Namazov MŞ-in özünə ehtiyat namizəd müəyyənləşdirəcəyi məsələsindən çox narahatdır. Məlumatda bildirilir ki, MŞ-dəki əsas siyasi güclər olan AXCP və Müsavatın aylar sonra bu məsələdə ortaq məxrəcə gəlməsi E.Namazovda təlaşa səbəbə olub. Bu günə qədər MŞ-in Rüstəm İbrahimbəyovun namizədliyini saxlayaraq, özünə ikinci bir ehtiyat namizəd seçməməsinin səbəbi məhz AXCP və Müsavatın bu məsələdə fərqli mövqedə olması idi. Lakin AXCP Ali Məclisinin son iclasında da artıq bu məqamla bağlı qərar qəbul edilib və MŞ-in ehtiyat namizədinin seçilməsi variantının dəstəklənəcəyi açıqlanıb. Mənbə iddia edir ki, adı çəkilən partiyaların ortaq mövqedə olması Milli Şura formatının sonlandırılmasının başlanğıcı ola bilər. Belə ki, məhz ortaq məxrəcə gələ bilmədikləri üçün MŞ formatında bir araya gələn AXCP və Müsavat rəhbərlərinin nəhayət orta xətt tapmaları bu partiyaların Milli Şuraya olan ehtiyaclarını aradan qaldıra bilər. Bu halda isə R.İbrahimbəyovun namizədliyinin tamamilə arxa plana düşə bilər. Bu məqam isə prezident seçkilərində bütün taktikasını R.İbrahimbəyovun vahid namizəd olması üzərində quran "El" Hərəkatı sədrini "pat" vəziyyətinə düşməsinə gətirib çıxaracaq.

Mənbə həmçinin, R.İbrahimbəyovun prezident seçkilərində iştirakının mümkünsüzlüyü bəlli olacağı halda "El" Hərəkatının MŞ-dəki fəaliyyətini ümumiyyətlə dayandıracağı və qurumdan çıxacağını da istisna etmir.

Elvin
AzNews.az