Sədri Zahid Orucun namizədliyinə qarşı

"Rəhbərlik etdiyim partiyanın sədr müavini olan Zahid Orucun prezidentliyə namizədliklə bağlı atdığı addım partiyanın ali orqanının qərarına tamamilə ziddir"

Bu açıqlamanı APA-ya Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı verib.

O qeyd edib ki, Ana Vətən Partiyasının ali orqanı olan VI qurultay qarşıdan gələn prezident seçkilərində öz namizədini müəyyənləşdirib: "Biz İlham Əliyevin namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul etmişik. Deməli, Zahid Orucun atdığı addım partiyanın VI qurultayının qərarı ilə tam ziddiyyət təşkil edir. Ən azı nəzərə alaq ki, həmin qurultayda Zahid Oruc partiyanın Ali Məclisinin üzvü seçilib. Ona görə də düşünürəm ki, o bu addımı atarkən bunu qurultayın qərarı ilə uzlaşdırmalı idi. Əgər uzlaşdırmayıbsa, deməli bizimlə ziddiyyət yaradıb. O partiyanın qərarının əksinə addım atıb və artıq bu gün bizim namizədimiz İlham Əliyevə alternativ olub".

F. Ağamalı qeyd edib ki, partiya Z. Orucun bu addımı ilə bağlı ölçü götürəcək: "Bu məsələ partiyada müzakirə olunacaq və müvafiq qərar veriləcək. O partiyadan çıxarıla da bilər".

Qeyd edək ki, Ana Vətən Partiyasının sədr müavini, deputat Zahid Oruc prezident seçkisində iştirak etmək üçün MSK-ya müraciət edib.

AzNews.az