“Tez toplaşmalı və yeni namizədi müəyyən etməliyik” - AXCP



Bu gün Milli Şuranın bir qrup üzvünün imzaladığı etiraz bəyanatına reaksiyalar gəlməkdə davam edir. Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən AXCP sədrinin müavini və Milli Şuranın üzvü Fuad Qəhrəmanlı deyib ki, yayılan bəyanatla tanışdır və orada qeyd olunan tələbləri haqlı hesab edir.

AXCP funksionerinin sözlərinə görə, Milli Şura təcili toplanmalı və özünə yeni vahid namizəd seçməlidir: "Bu prosesi avqustun 26-dək uzatmağın adı yoxdur. Biz vaxt itiririk. Ona görə də daha tez toplaşmalı və yeni namizədi müəyyən etməliyik".

Yayılan bu bəyanata AXCP-ni Milli Şurada təmsil edən şəxslərin də qoşulub-qoşulmayacağı barədə suala da cavab verən F.Qəhrəmanlı deyib ki, onda olan məlumata görə, bu bəyanat ancaq MŞ-də təmsil olunan müstəqil şəxslər üçün nəzərdə tutulub: "Müraciət müstəqil şəxslər tərəfindən hazırlanıb və ancaq onların imzalamağı nəzərdə tutulub".

F.Qəhrəmanlı deyib ki, MŞ üzvlərinin bu cür bəyanat yayması qurumun parçalanması görüntüsünü yaratmır: "Milli Şura demokratik qurumdur. Burada fərqli fikirlər ola bilər. Bu bəyanat da qurumu parçalamaq yox, onun birliyinin daha da möhkəmlənməsinə hesablanıb".

Anar
AzNews.az