Milli Şura Hafiz Hacıyevə cinayət işi açılmasını tələb edir - ŞİKAYƏT

Bu gün Milli Şura üzvləri Müasir Müsavat partiyasının prezidentliyə namizədi Hafiz Hacıyevin namizədliyinin ləğv edilməsi və onun barəsində cinayət işi açıqlaması tələbi Mərkəzi Seçki Komissiyasına müraciət edəcək.

Bu barədə AzNews.az-a Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin MSK-dakı nümayəndəsi Gülağa Aslanlı məlumat verib. G.Aslanlı deyib ki, bu gün yaradılmış təşəbbüs qrupu adından H.Hacıyevin namizədliyinin ləğvi və barəsində cinayət işi açılması tələbi ilə MSK-ya yazılı şikayət ərizəsi təqdim edəcəklər.

MŞ rəsmisinin sözlərinə görə, H.Hacıyev Seçki Məcəlləsinin 88.2-ci maddəsininin tələblərini pozub: "Hafiz Hacıyev dünənki debatda milli, irqi, dini ayrı-seçkilik yaradan çıxış edib. Xristian-müsəlman söhbətləri açıb. Bu da Seçki Məcəlləsinin kobud surətdə pozulmasıdır. Biz bununla bağlı nə lazımdırsa, edəcəyik".

Anar
AzNews.az