Milli Şura icazəsiz mitinq keçirə bilər

Xəbər verildiyi kimi, Milli Şura sentyabrın 29-da Yasamal rayonunda yerləşən "Məhsul" stadionunda mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb. Eyni tarixdə eyni yerdə mitinq keçirmək tələbi ilə müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də BŞİH-ə müraciət göndərib. BŞİH-dən verilən açıqlamada isə bildirilib ki, adıçəkilən məkanın hansı siyasi qüvvəyə veriləcəyinə bu gün aydınlıq gələcək.

Milli Şuranın mitinq komitəsinin rəhbəri Asəf Quliyev isə məsələ ilə bağlı AzNews.az-a açıqlamasında bildirib ki, onlar BŞİH-ə Hafiz Hacıyevdən bir gün öncə müraciət ediblər: "Biz bu həftənin bazar ertəsi günü sentyabrın 29-da Yasamal rayonundakı "Məhsul" stadionunda mitinq keçirəcəyimizlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlamışıq. Hafiz Hacıyev isə bizdən bir gün sonra – çərşənbə axşamı müraciət edib. Əgər İcra Hakimiyyəti mitinq yerini bizə yox, Hafiz Hacıyevə versə, məlum olacaq ki, bu, Milli Şuraya qarşı təxribatdır və bizim mitinqimizin əngəllənməsinə hesablanıb".

A.Quliyevin sözlərinə görə, əgər BŞİH Milli Şuranın 29 sentyabrda keçirmək istədiyi mitinqə razılıq verməsə, onlar geriyə çəkilməyəcəklər: "Bizim heç bir alternativ mitinq yeri seçmək fikrimiz yoxdur. Əgər Bakı Şəhər İcra Hakimiyyəti "Məhsul" stadionunda bizə istədiyimiz tarixdə mitinq keçirməyə icazə verməsə, biz də geri çəkilməyəcəyik. Qabaqcadan elan etdiyimiz tarixdə mitinqimizi keçirəcəyik".

MŞ rəsmisi onu da bildirib ki, BŞİH H.Hacıyevə də mitinq keçirməyə şərait yaratmaq istəyirsə, bunu onların mitinq keçirəcəyi saatlardan başqa vaxta təyin edə bilər: "Bizim mitinq saat 16-dan 18-ədək olacaq. Hafiz Hacıyevə də bu saatdan əvvəl də ya sonraya vaxt ayıra bilərlər. Ancaq hər bir halda biz elan etdiyimiz vaxtda mitinqimizi keçirəcəyik".


Anar
AzNews.az