“Seçkidə heç bir müdaxilə faktı qeydə alınmayıb”- Yekun

Saat 19.00-da səsvermə yekunlaşıb.

AzNews.az bu prosesi Dövlət Rəssamlıq Akademiyasında yaradılan seçki məntəqəsində izləyib. Məntəqədə 1338 nəfərin adı seçici siyahısında olub ki, onlardan da 16 nəfəri qeydiyyatdan çıxıb.

Məntəqədə səsvermə başlayan ilk saatlardan etibarən ATƏT, İDEES, ASMA-EAEO, Avropa Parlamentinin nümayəndələri olmaqla ümumilikdə 11 beynəlxalq müşahidəçi prosesi izləyib.

Yerli müşahidəçilərdən Ümid Partiyası, YAP, Milli Şuranın nümayəndələri ilə yanaşı,11 nəfər öz təşəbbüsü ilə prosesi müşahidə edib. Müşahidəçilərin sözlərinə görə, səsverməyə heç bir müdaxilə halı qeydə alınmayıb.

Milli Şuranın müşahidəçisi Dəyanət Babayev AzNews.az-a bildirib ki, saat 17 radələrinə qədər ümumilikdə 750-yə yaxın seçici səsvermə prosesində iştirak edib: "Bu zamana qədər hər şey normal və qaydalara uyğun keçirilib".

Qeyd edək ki, saat 19.00-da məntəqədə səsvermə başa çatıb.


***
18:46

19 saylı Nərimanov rayon Birinci Seçki Dairəsinin 4 saylı seçki məntəqəsində AzNews.az-ın əməkdaşı öz müşahidələrini davam etdirib. Məntəqədən bildirilib ki, burada seçici siyahısında 1418 nəfər seçicinin adı var. Onlardan 14 nəfəri yaşayış yerini dəyişdikləri üçün məntəqənin siyahısından çıxıb.

Məntəqədə beynəlxalq və yerli müşahidəçilər seçki prosesini yaxından izləyib. Beynəlxalq müşahidə missiyasında təmsil olunan İspaniya, Norveç və Afrika Parlamentindən ümumilikdə 6 nəfər məntəqəyə baş çəkib. Yerli müşahidəçiləri isə YAP-dan 4, Ümid partiyasından 2 nəfər təmsil edib. Bundan başqa ASDP, BAXCP və Milli Şuranın nümayəndələri də prosesi izləyib. Öz təşəbbüsü ilə seçkiləri izləyən prezidentliyə namizəd Araz Əlizadənin nümayəndəsi Günay Süleymanova seçkilərin şəffaf keçirildiyini bildirib: "Seçki başlayandan prosesi müşahidə edirəm. Seçki prosesi tam normal gedir. Heç bir qayda pozuntusu qeydə alınmayıb".

Milli Şuranın məşvərətçi müşahidəçisi Vaqif Məmmədov da məntəqədəki vəziyyəti normal qiymətləndirib: "Xırda pozuntuları nəzərə almasaq, səsvermə prosesi normal axarında davam etdi".


***
18:03

20 saylı Nərimanov rayon ikinci seçki dairəsinin 7 saylı seçki məntəqəsində səsvermə davam edir.

AzNews.az xəbər verir ki, 1478 seçicinin olduğu məntəqədə 9 nəfər siyahıdan çıxarılıb. Bu gün saat 17.00-a olan məlumata görə, 940 nəfər səs vermə hüququndan istifadə edib. Məntəqədə seçki prosesini beynəlxalq və yerli müşahidəçilər izləyib. Beynəlxalq müşahidə missiyasından 6 nümayəndə məntəqəyə baş çəkib. Avstriya Parlamentindən 2 nəfər, Fransa və Amerikadan hər birindən 2 nəfər olmaqla 4 müşahidəçi seçki prosesini izləyərək gedişatdan razı qaldıqlarını bildiriblər. Yerli müşahidəçilər isə Ana Vətən, Demokratik Azərbaycan Dünyası, Müsavat və Sosial Demokrat partiyalarından olub. Müsavat partiyasının nümayəndələri olan Fərhad Abbasov və Elnur Babayev səhər 7-dən etibarən seçkini müşahidə edib.

Elnur Babayev seçkinin gedişi ilə bağlı fikirlərini AzNews.az əməkdaşı ilə bölüşüb: "Səhər saat 7-dən buradayıq. Növbə ilə seçkini müşahidə eləmişik. Heç bir qayda pozuntusuna rast gəlməmişik. Məntəqədə olan beynəlxalq müşahidəçilər yerli müşahidəçilərlə görüşərək bizim fikrimizlə maraqlanıblar".

Əməkdaşımızın verdiyi məlumata görə, məntəqədə veb kameralar quraşdırılıb.


***
17:30
AzNews.az-ın əməkdaşı 20 saylı Nərimanov rayon ikinci Seçki Dairəsində müşahidələrini davam etdirir.

Əməkdaşımızın 5 saylı seçki məntəqəsindən verdiyi məlumata görə, seçki məntəqəsində 1413 nəfər seçici var. 16.50-yə olan məlumata görə onlardan 980 nəfər səs verib. Məntəqədə seçki prosesini 29 beynəlxalq müşahidəçi izləyib. Onların arasında Beynəlxalq Ədalətli Seçki Naminə Təşkilatının Avropa Seçki Müşahidələri üzrə Akademiyası, ATƏT-in Mərkəzi Avropa Siyasi Monitorinq Təşkilatı, Ədalətli Seçim Kampaniyası, GUAM, AŞPA təmsilçiləri, həmçinin ABŞ səfirliyinin nümayəndələri olub.

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfirinin xanımı da həmin nümayəndələrin arasında olub. Mətbuat nümayəndələri də məntəqədə seçki prosesini əngəlsiz izləyə bilib. 5 saylı Seçki məntəqəsində Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin məşvərətçi müşahidəçisi Qaryağdı Ağayevin AzNews.az-a verdiyi məlumata görə, bu vaxt ərzində məntəqəyə seçici axını müşahidə olunub.
Bu fakt da AŞPA nümayəndələri tərəfindən qeydə alınıb.


***
16:55

19 saylı Nərimanov rayon Birinci Seçki Dairəsinin 22 saylı seçki məntəqəsində də seçki prosesi izlənilib.

AzNews.az-a məntəqədən bildirilib ki, seçici siyahısında 1460 nəfərin adı olub. Onlardan 13 nəfəri qeydiyyatdan çıxıb. Seçicilərin təxminən 50 faizi artıq səsvermədə iştirak edib. Burada seçkinin gedişini 4 beynəlxalq müşahidəçi izləyib. ADP sədri Sərdar Cəlaloğlunun səlahiyyətli nümayəndəsi Tələt Qəribov seçkini müşahidə edib və prosesin gedişi ilə bağlı heç bir irad bildirməyib. YAP-ın 2 nümayəndəsi səhər saatlarından etibarən məntəqədə müşahidə aparır. Bundan başqa öz təşəbbüsü ilə müşahidə aparan 8 müşahidəçi seçki prosesini yaxından izləyir. Məntəqə Seçki Komissiyasına evə seçki qutusunun aparılması ilə bağlı heç bir müraciət daxil olmayıb.

***
14:30

Günorta saatlarından etibarən məntəqələrdə seçici fəallığı artmağa başlayıb. AzNews.az-ın əməkdaşı xəbər verir ki, müşahidə aparılan 19 saylı Nərimanov 1-ci seçki dairəsinin 26 saylı seçki məntəqəsində seçicilər səs vermək üçün növbəyə dayanıb.

Məntəqədə 14 beynəlxalq müşahidəçi müşahidə aparıb. Onların arasında ATƏT-in Seçki Müşahidə Missiyasının üzvləri də olub.
Digər məntəqələrdən fərqli olaraq bu məntəqədə yerli və beynəlxalq müşahidəçilərin qeydiyyatı ayrılıqda aparılıb. Yerli müşahidəçilərin də sayı kifayət qədər yüksək olub. Müxtəlif partiyaların təsisçiləri ilə yanaşı 9 nəfər öz təşəbbüsü ilə müşahidəçi kimi qeydiyyatdan keçib. Bu məntəqədə Milli Şuranın namizədi Cəmil Həsənlini 1 nəfər müşahidəçi qismində təmsil edir. YAP-dan isə müşahidəçilərin sayı 3 nəfərdir. Ancaq AzNews.az-ın əməkdaşının məntəqədə olduğu müddətdə Milli Şura nümayəndəsi ilə söhbət edə bilməyib. Çünki Məmməd İbrahim adlı şəxs qeydiyyatdan keçsə də, məntəqədə olmayıb.