“Seçki arxada qalıb və biz gələcəyə baxırıq”- Mübariz Qurbanlı

""Milli Şura" adlandırılan qurum Azərbaycan cəmiyyətindən özünə nə qədər səs toplamaq mümkün idisə, onu da toplayıb"


Bunu SİA-ya YAP icra katibinin müavini Mübariz Qurbanlı "Milli Şura"nın namizədinin bu gün keçirilən toplantısında səsləndirilən məsələlərə münasibət bildirərkən deyib. M.Qurbanlı bildirib ki, seçkilərdə bütün namizədlər kimi Cəmil Həsənliyə də bərabər şərait yaradılıb, ancaq onların seçkilərdə qalib gəlməklə bağlı səsləndirdikləri fikirlər absurddur: "Cəmil Həsənli və onun təmsil etdiyi qurumun seçkilərdə nə qədər səs toplamaq şansı vardısa, onu da toplayıblar. Biz əvvəllər də demişdik ki, müxalifətin radikal qanadı 5-6 % səs toplaya bilər. Seçkinin nəticələri də bu proqnozları doğrultdu".

M.Qurbanlı vurğulayıb ki, seçki təşviqat kampaniyası dövründə hər hansı bir namizəd özünü cəmiyyətə təqdim edərək siyasi kariyerasında hər hansı bir sıçrayışlı nəticə əldə edəcəyini güman edirsə, bu yalnız gülünc doğurur: "Heç vaxt təsadüfi adamlar seçkiyə qatılaraq uğur qazana bilməzlər. Siyasətdə uğur qazanmaq üçün cəmiyyətdə uzun müddət fəaliyyətə ehtiyac var. Seçki təşviqat kampaniyası dövründə kampaniya aparan və qələbə qazanmağa ümid edən siyasətçi isə sadəlöhvdür. Seçki kampaniyasına illərlə hazırlaşırlar. Seçkidə vətəndaş proqrama, şəxsiyyətə, görülən işlərə və gələcəyə səs verir. Buna görə də cəmiyyət cənab İlham Əliyevə səs verib".

M.Qurbanlı bəyan edib ki, hər hansı bir xarici təşkilatın Azərbaycanda keçirilən seçkilərə mənfi rəy verməsi nə dövlətimizə, nə inkişafımıza, nə də gələcəyimizə heç bir təsir göstərməyəcək: "Hansı rəy vermələrindən asılı olmayaraq, seçki arxada qalıb və biz gələcəyə baxırıq. Azərbaycan xalqı da öz qanunlarına söykənərək ölkəsini idarə edir. Qanunlarımız seçkiləri legitim, qanuni, hüquqi və demokratik elan edir. Qanunlara istinad etdiyimizə görə, onların dedikləri heç bir nəticə verə bilməz".

AzNews.az