İqbal Ağazadə xanım yazarı özünə müavin gətirir – Özəl

Ümid Partiyasında "yarpaq dökümü"nün davam etdiyi bir vaxtda quruma üz tutanlar da az deyil.

Bu barədə məlumat AzNews.az-a partiyadan daxil olub. Bildirilir ki, Ümid sədri İqbal Ağazadə yeni simaların partiya sıralarına cəlb edilməsində şəxsən özü iştirak edir. Mənbəmiz qeyd edir ki, yaxın zamanlarda istefa verən şəxslərin – Ruslan İzzətli və Aynur İmranovanın yerlərinə təyinatlar olacaq. Və həmin şəxslərin cəmiyyətdə tanınan simalar olacağı söylənilir.

Mənbəmiz Aynur İmranovanı əvəzləyəcək şəxsin adını da bildirib.

Məlumata görə, İqbal Ağazadə müavin postuna seçkilərdə onu vəkil kimi təmsil etmiş və dostluq münasibətləri olan şairə Aysel Əlizadəni gətirəcək.

Məsələyə münasibət bildirən partiyanın mətbuat katibi Elman Abbasov xəbəri təkzib etməyib: "Başqa partiyalardan fərqli olaraq, bizdə qərarlar kollegial verilir. Aysel Əlizadənin müavin postuna təyin edilməsi üçünsə belə bir toplantı olmayıb. Amma qeyd etməliyəm ki, bu gün saat 11-də partiyada geniş toplantı var və yəqin ki, orda yeni təyinatlarla bağlı müzakirələr olacaq, müəyyən qərarlar qəbul ediləcək".

Xatırladaq ki, Ümid Partiyasını A.İmranovadan sonra Ruslan İzzəti və xeyli sıravi üzvlər tərk edib. Onlar istefalarının səbəblərini İ.Ağazadənin prezident seçkilərinin nəticələrini dərhal tanıması ilə əsaslandırıblar.

AzNews.az
Bahar Rüstəmli