Siyavuş Novruzovdan Milli Şuraya xəbərdarlıq

"Müxalifətin oktyabrın 27-nə təyin etdiyi mitinq sərbəst toplaşma azadlığının tələblərinə uyğun keçirilməlidir. Bizim də səbrimizin həddi-hüdudu var".


Bunu APA-ya açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

S. Novruzov bildirib ki, qanuna görə, dövlət, hökumət əleyhinə müxtəlif çağırışlar, şəxsiyyətin ünvanına olan təhqiramiz, şər və böhtan xarakterli ifadələr işlədilməsi qəti qadağandır: "Mitinqdə kimsə buna yol verəcəksə, qanunun tələbi ilə cavab verməli olacaq. Bununla bağlı onlara rəsmi xəbərdarlıq da ediləcək. Çünki bu ifadələrdən hər hansının işlədilməsinin məsuliyyəti mitinq təşkilatçılarının üzərinə düşəcək".

YAP funksioneri Milli Şura üzvlərinə qanunun aliliyi barədə mətbuat vasitəsi ilə xəbərdarlıq çatdırmaq istədiklərini bəyan edib: "Onlar qanunun aliliyinə bu dəfə də hörmətsizlik etməyi düşünürlərsə, bizim də səbrimizin tükəndiyini bilsinlər".