“Tətbiqi Politologiya” fondunun direktoru, rusiyalı politoloq Sergey Smirnovun AzNews.az-a müsahibəsi: “Tətbiqi Politologiya” fondunun direktoru, rusiyalı politoloq Sergey Smirnovun AzNews.az-a müsahibəsi:

Rusiyalı politoloq: «Rusiya Qarabağ münaqişənin həllində maraqlıdır»

“Tətbiqi Politologiya” fondunun direktoru, rusiyalı politoloq Sergey Smirnovun AzNews.az-a müsahibəsi:



- Bu gün Azərbaycan – Rusiya münasibətlərini necə dəyərləndirmək olar?


- Sadəcə sabit və müsbət. Münasibətlərdə açıq qarşıdurma və ya xarici siyasətlə bağlı kəskin bəyanatlar yoxdur. Bununla yanaşı, məsələn, Qəbələ RLS kimi mövcud mübahisəli məsələlər və problemlər həllini tapmayıb, amma bunlar Kütləvi İnformasiya Vasitələri səhifələrində yox, əsasən danışıqlar yolu ilə müzakirə olunur.

- Yeri gəlmişkən, RLS-lə bağlı tərəflər razılığa gələ bilərlərmi, siz necə fikirləşirsiniz?

- Fikirləşirəm ki, tərəflər razılığa gələ biləcəklər. Stansiyanın icarəsi həm Rusiya, həm də Azərbaycan üçün sərfəlidir. Xüsusilə nəzərə alaq ki, lap yaxın gələcəkdə bu stansiyanın modernləşmə məsələsi gündəmə gələcək, modernləşmənin isə rus texnologiyası əsasında aparılması həm sərfəli, həmdə effektivdir.

- Rusiyanın Qarabağ münaqişəsində vasitəçilik missiyasını necə dəyərləndirirsiniz? Həmçinin, digər Minsk Qrupu dövlətləri – ABŞ və Fransa ilə mövqelərilə müqayisədə bu, özünü necə göstərir?

- Qarabağ münaqişəsində Rusiya fəal şəkildə vasitəçilik missiyasını həyata keçirib və həyata keçirməkdə də davam edir. Bu missiyanın əsas nəticəsi - müharibənin olmamasıdır. Minsk qrupunun digər iştirakçılarından - məsələn, ABŞ, Fransa və ya Almaniyadan fərqli olaraq, Rusiya Azərbaycan və Ermənistana qonşu dövlətdir və elə məhz bu səbəbdən münaqişənin həllində maraqlıdır. Həm də ona görə ki, münaqişənin həlli təkcə yaxşı qonşuluq münasibətlərinin inkişaf etdirilməsinə deyil, həm də hər iki dövlətlə müttəfiqlik münasibətlərinin inkişafına imkan yaradır.

- Hazırda cəbhə xəttində hər şey o qədər də ürəkaçan deyil. Vaxtaşırı tərəflərdən biri və ya digəri öz əsgərini itirir. Siz hesab etmirsiniz ki, yaxın gələcəkdə biz ikinci Qarabağ müharibəsinin şahidi ola bilərik?

- Ümidvaram ki, şahid olmarıq. Bununla belə, hər iki tərəfdə münaqişənin güc tətbiq etməklə tez həllini istəyən qüvvələr var.

- Tehran ətrafındakı vəziyyyəti necə dəyərləndirirsiniz? Bu ilin sonuna qədər İrana aviazərbələr endirilməsi ehtimalı varmı?

- Fikirləşirəm ki, bu çətin ki, baş versin. Həm ABŞ-da, həm də İsraildə çox yaxşı başa düşürlər ki, istənilən aviazərbə ən yaxşı halda İranın nüvə proqramının ləngiməsinə gətirib çıxara bilər. Bununla yanaşı, həm də regionda vəziyyət pisə doğru kəskin dəyişə bilər. Bundan əlavə, indiki şərtlərlərdə Qərb Suriyadakı vətəndaş müharibəsinə daha çox cəlb olunub.

Həmid Həmidov
AzNews.az