ATƏT-in seçki rəyinə YAP-dan sərt REAKSİYA

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkisinə dair yekun rəyini açıqlayıb.



Rəydə ATƏT prezident seçkisinin beynəlxalq standartlara uyğun olmadığını bildirib. Sənədə görə, bu seçki ifadə, toplaşma və birləşmə azadlıqlarına məhdudiyyətlər şəraitində keçirilib və bütün namizədlərə bərabər şərait yaradılmayıb. Seçki kampaniyası namizədlərə qarşı ittihamlar, seçicilərin qorxudulması, mediaya məhdud çıxış imkanları şəraitində keçirilib.

Sənəddə Azərbaycanda seçkilərin keçirilməsi və bu sahədə yerli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması üçün təkliflər də əksini tapır.


Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov isə AzNews.az-a açıqlamasında ATƏT DTİHB-nın hesabatını qərəzli və əsassız adlandırıb:


"ATƏT-in bu qurumundan bundan başqa heç nə gözləmək olmaz. 20 ildən artıq bir müddətdə Azərbaycanda seçkilər keçirilir. Həmin qurum demək olar ki, daim mənfi rəy verir. Bu təşkilat Azərbaycandan dəfələrlə aşağı səviyyədə seçki keçirən ölkələr haqda müsbət rəy verib. Hətta bir qədər də irəli gedərək, həmin ölkələrdə demokratiyanın çiçək açdığını bəyan edir".

S. Novruzovun sözlərinə görə, bu qərəzin nəticəsi olaraq, bəzi Avropa ölkələri bu təşkilatı seçkiləri izləməyə buraxmırlar: "Çünki bilirlər ki, həmin təşkilatın hesabatı qərəz və yalan üzərində qurulub. Burada bir neçə detalı xatırlatmaq istəyirəm. Avropanın bir çox ölkələrində seçki müddəti iki aydır. Niyə, ATƏT-in bu qurumu həmin ölkələrə seçki müddətinin iki ay olmasını irad tutmurlar. Azərbaycanda isə seçki müddəti dörd il əvvəl iki ay edilib. Bu dörd il müddətində həm bələdiyyə, həm də parlament seçkiləri keçirilib. İndiyə qədər bu məsələyə toxunmayıblar".

Hesabatda namizədlərin qeydiyyatında problemlərin olması haqda yer alan məqamları da əsassız adlandıran YAP təmsilçisi deyib ki, Azərbaycandakı seçkilərdə ən asan prosedurlardan biri də namizədlərin qeydiyyata alınmasıdır: "Prezident seçkilərində qeydiyyata alınmaq üçün 21 nəfər şəxs MSK-ya müraciət edib. Onlardan 19-u nəfəri qeydiyyatdan keçib və imza vərəqəsi verilib. İmzatoplama kampaniyasını yekunlaşdıraraq, təhvil verənlərin isə namizədliyi qeydə alınıb. Burada hansı problem olub? Namizədlərin qeydiyyatı ilə bağlı bir şikayət daxil olmayıb".

S. Novruzov bildirib ki, seçicilərin qorxudulması haqda hesabatda yazılanlar da qərəzin bir nümunəsidir: "Seçicini necə qorxutmaq olar? Bunun prosedurunu göstərsinlər. Yaxudda sərbəst toplaşmaq azadlığı ilə bağlı məhdudiyyətlərin olmasından söz açılır. Heç kim deyə bilməz ki, seçki təşviqatı dövründə qapalı və ya açıq yerlərdə seçicilərlə görüş üçün narahatlıq yaradılıb. Mediada da namizədlər üçün bərabər şəraitdə pulsuz efir vaxtı ayrılıb. Burada qanun pozuntuları haradadır? Hesabatı analiz etdikdə, rəyin nə qədər ədalətsiz, qərəzli, çirkin olmasını görmək olur. Əslində, bu hesabat bəzi müxalifət nümayəndələrinin sözləri əsasında formalaşıb. Onlar özləri də bir iki əlavə etməklə hesabat şəklində açıqlayıblar. Bu qurum ölkədə heç bir müşahidə aparmayıb. Hesabat yalan və böhtandan ibarətdir".

Seçki Məcəlləsinin yenidən hazırlanması ilə bağlı adıçəkilən qurumun təklifinə gəlincə, S. Novruzov bildirib ki, bu qanunvericilik bazası beynəlxalq qurumlarla uzun müddət müzakirədən sonra təsdiq olunub: "Seçki Məcəlləsinin yenidən müzakirə edilməsi mənasız və lüzumsuz bir məsələdir".

S. Novruzov qeyd edib ki, bu qərəzi nəzərə alaraq, ATƏT DTİHB-nın bir daha seçkiləri müşahidə edilməsinə dəvət edilməsinə ehtiyac yoxdur: "ATƏT xatırlayırsınızsa, Ermənistanda prezident seçkisində baş verən məlum qanlı hadisələrdən sonra seçkiyə müsbət rəy verdi. Belə olan halda bu cür təşkilatla əməkdaşlıq etməyə ehtiyac yoxdur".

Məhəmməd
AzNews.az