Səxavət Əlisoy: “...Müsavatın qeydiyyatı ləğv edilməlidir”

"Partiyanın qurultayının keçirilməsi üçün uyğun yer ayrılmalıdır. Hələ ki, bunu edən yoxdur. Bu vəziyyət bəzi müsavatçıların da ürəyincədir. Ancaq bu sonsuzluğa qədər davam edə bilməz".


Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy deyib. O bildirib ki, iqtidar Azərbaycan qanunlarına sayğı ilə yanaşıb, Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş bir partiyanın qurultayının keçirilməsi üçün şərait yaratmalı, yaxud da 2010-cu ildən bəri növbəti qurultay keçirmədiyi üçün Müsavat Partiyasının qeydiyyatını ləğv etməlidir".

S. Əlisoyun sözlərinə görə, Müsavatın başqa bir ölkədə qurultay keçirməsi çox müşkül məslədir: " İki yol qalır. Biri böyük bir çadır qurub qurultayı orada keçirmək, digəri isə internetin köməyi ilə onlayn qurultay keçirmək".

S. Əlisoy qurultayın keçirilməsi ilə bağlı danışıqların davam etdirilməsi ehtimalının olduğunu da söyləyib: "Böyük ehtimalla müzakirələr aparılacaq. Əslində bu müzakirələrin bir faydası da olmur. Çünki ki, top iqtidardadır".

S. Əlisoy qurultayın zamanında keçirilməməsinin partiyaya çox ciddi zərbə vurduğunu da qeyd edib: "Ən böyük zərbə isə partiyanın demokratik imicinə dəyir. Təbii ki, bəzi firqədaşlar qurultayın keçirilməsinə neqativ yanaşır. Sadəcə, onlar Müsavat Partiyasının Nizamnamə və proqramından xəbərsizlərdir və bir də XXI əsrdə yaşadıqlarının fərqində deyillər".

O, qurultayda partiyanın başqanlığına namizədliyinin irəli sürülməsi mövqeyindən daşınmadığını da qeyd edib.

Məhəmməd
AzNews.az