Əli Əliyev Eldar Namazovu debata çağırdı

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev "El" hərəkatının sədri Eldar Namazovu debata dəvət edib.


VİP mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, "El" hərəkatının sədri Eldar Namazov son dövrlər mətbuata verdiyi bəzi açıqlamalarnda VİP-in fəaliyyəti, o cümlədən, partiya sədri Əli Əliyev haqqında həqiqətə uyğun olmayan əsassız fikirlər səsləndirib:

"VİP təmsilçilərinin E.Namazovun böhtan xarakterli həmin fikirlərinə tutarlı cavab vermələrinə və ondan Ə.Əliyevə yönəlik ittihamlarını isbatlamağı tələb etmələrinə baxmayaraq, həmin şəxs bu məsələdə hələ ki susur. Hətta bəzi media orqanları tərəflər arasında səngiməyən mübahisələrə aydınlıq gətirilməsi üçün Əli Əliyev və Eldar Namazov arasında debatın təşkil olunması təşəbbüsünü irəli sürsələr də, "El" hərəkatının sədri bu təklifləri qəbul etməkdən anlaşılmaz tərzdə boyun qaçırır.

Lakin VİP öz mövqeyinin haqlı olduğuna əminliyindən çıxış edərək, Əli Əliyev – Eldar Namazov debatının baş tutması üçün yeni təşəbbüs irəli sürməyə qərar verib.

VİP-in bu məqsədlə rəsmi qaydada "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna ünvanladığı müraciətdə adıçəkilən nəşrin redaksiyasında Əli Əliyev və Eldar Namazov arasında debatın təşkilinə şərait yaradılması xahiş edilib. Müraciətdə "Yeni Müsavat" rəhbərliyinin qeyd olunan debat təşəbbüsünü anlayışla qarşılayacağına və dəstəkləyəcəyinə ümid ifadə olunub".

AzNews.az