“Danışıqlar Müsavatın təklifinə əsasən aparılır” – Eldar Namazov


"Müsavatla danışıqları yeni birliyin formalaşdırılması cəhdi kimi görmək düzgün deyil. Ümumiyyətlə, müzakirələrdə belə cəhdlər də yoxdur".

Bunu AzNews.az-a açıqlamasında "El" hərəkatının sədri Eldar Namazov deyib. O bildirib ki, hərəkatla Müsavat Partiyası arasında aparılan danışıqlar hələ ki, məsləhətləşmələr mərhələsindədir: "Bu müzakirələr prezident seçkisindən sonra Müsavat Partiyasının bir sıra təşkilatlara ünvanladığı təklifə əsasən aparılır. Başqa formatda müzakirələr təşkil olunmayıb".

"El" hərəkatının demokratik düşərgədə fəaliyyət göstərən bütün təşkilatlarla əməkdaşlığa hazır olduğunu deyən E. Namazov bu istiqamətdə təşkil olunan müzakirələrdə iştirakda maraqlı olduqlarını da söyləyib: "Müxalifətdə olan qurumlarla ikitərəfli məsləhətləşmələr apara bilərik və hamı ilə əməkdaşlığa da hazırıq".

Xatırladaq ki, hər iki təşkilat 2013-cü il prezident seçkilərindən əvvəl yaradılan Milli Şuranın təsisçiləri olmuşdu. Seçkilərdən sonra Milli Şurada daxili çəkişmələr səbəbindən bu iki qurum arasında narazılıq yaranmışdı.

Məhəmməd
AzNews.az