İlham Əliyev: “İranın dəstəyi çox önəmlidir“

"Cənab Prezident, ilk növbədə dəvətə görə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Qardaş İran torpağında olmağımdan çox məmnunam. Əminəm ki, mənim səfərim İran-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım olacaqdır. Fürsətdən istifadə edərək, cənab Prezident, Sizi münasib olan vaxtda Azərbaycana rəsmi səfərə dəvət etmək istəyirəm".


Trend-in verdiyi xəbərə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Tehranda İran Prezidenti Həsən Ruhani ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib. Dövlət başçısı qeyd edib ki, bu, onun İrana üçüncü rəsmi səfəridir: "Səfərlərin sayı özlüyündə bir göstəricidir. Biz istəyirik ki, əlaqələrimiz bütün sahələrdə uğurla inkişaf etsin və buna nail olmaq üçün indi çox gözəl imkanlar vardır. Biz ilin əvvəlində cənab Prezident Ruhani ilə Davosda görüşmüşük. Bu gün isə İranda bizim siyasi dialoqumuz davam edir. Biz bu gün ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini geniş və səmimiyyətlə müzakirə etdik. Biz beynəlxalq təşkilatlarda çox uğurlu fəaliyyət göstəririk. BMT, İslam Əməkdaşlıq Təşkilatı, EKO, Qoşulmama Hərəkatı təşkilatlarında bizim fəaliyyətimiz çox uğurludur".

İlham Əliyev bəyanatında vurğulayıb ki, bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün İranın dəstəyi çox önəmlidir: "Bu münaqişə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi əsasında öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir və İran İslam Respublikasının bu münaqişə ilə bağlı ortaya qoyduğu mövqe ədalətə və beynəlxalq hüquqa əsaslanır və bu mövqeyə görə Sizə minnətdarıq".

Prezident bildirib ki, uzun illər Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış əraziləri işğal altındadır: "Bu işğal nəticəsində bir milyondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Xalqımıza qarşı etnik təmizləmə siyasəti aparılmışdır. Ermənilər azərbaycanlılara qarşı Xocalı soyqırımı törətmişlər. Bu gün işğal edilmiş torpaqlarda bizim bütün tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Münaqişənin tezliklə və beynəlxalq hüquq əsasında həll edilməsi region üçün də böyük fayda olardı".

İlham Əliyev deyib ki, bu gün digər sahələrdə əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb: "İqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində gözəl imkanlar vardır. Energetika sahəsində əməkdaşlıq uğurludur və bu gün imzalanan Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi Sazişi bu əməkdaşlığı daha da gücləndirəcək".

Dövlət başçısı qeyd edib ki, neft-qaz sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar var: "Eyni zamanda hərbi sahədə əməkdaşlığın dərinləşməsi üçün biz əlavə yollar axtaracağıq. Bu gün eyni zamanda yüksək texnologiyalar, informasiya-kommunikasiya texnologiyaları sahəsində mümkün olan əməkdaşlıq haqqında da fikirlərimiz birmənalıdır və üst-üstə düşür. Əlbəttə, humanitar və mədəniyyət sahəsində əməkdaşlıq xüsusi məna daşıyır. Bizim tariximiz, mədəniyyətimiz, tarixi irsimiz xalqlarımız üçün çox qiymətlidir, dəyərlidir".

İlham Əliyev deyib ki, xalqlarımız əsrlər boyu bir yerdə yaşamış, yaratmışlar: "Bizim xalqlarımızı dərin tarixi və mədəni köklər bağlayır. Bu möhkəm zəmin üzərində bu gün İran-Azərbaycan əlaqələri qurulmuşdur. Əminəm ki, bütün qarşımıza qoyduğumuz məqsədlərə çatacağıq və birgə səylərlə İran-Azərbaycan əlaqələrini daha da yüksək pilləyə qaldıracağıq".

AzNews.az