Arif Hacılıdan rəqiblərinə ismarış: “İrad tutmaq əhəmiyyətsizdir”

"Cəbhədə baş verənlərin Müsavat Partiyasının qurultayının təxirə salınmasına xüsusi aidiyyatı yoxdur. Qurultay deyilən vaxtda keçiriləcək".

Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib.

Aparat rəhbəri bildirib ki, partiya qurultayın nəzərdə tutulan vaxtda keçirilməsində israrlıdır: "Hər kəsin öz seçki taktikası var. Mən əvvala hələ namizədliyimi irəli sürməmişəm, nədə seçki kampaniyasına başlamamışam. Amma digərlərinin də haqqını tanıyıram. Düşünürəm ki, seçki kampaniyasının aparılması taktikasıının müəyyənləşməsində kimlərəsə irad tutmağın heç bir əhəmiyyəti yoxdur. Hərəni öz seçiminə buraxaq".

"Uzun illər partiyanın icra strukturuna rəhbərlik etdiyinizdən seçkidə imkanlarınızın yüksək olduğu bildirilir. Bunu necə dəyərləndirərdiniz?" sualına A. Hacılı belə cavab verib:
"Dəyərləndirmək səlahiyyəti Müsavat Partiyasının üzvlərində, daha doğrusu qurultay nümayəndələrində olacaq. Əgər Müsavat başqanlığına namizədliyimi irəli sürsəm görəcəyim işlər barədə, partiyanın, Azərbaycan cəmiyyətinin gələcəyi ilə bağlı düşüncələrim barədə həm ictimaiyyətə, həm də ilk növbədə qurultay nümayəndələrinə məlumat verəcəyəm. Dəyərləndirmə səlahiyyəti isə qurultay nümayəndələrinə aiddir".

Bahar Rüstəmli
AzNews.az