AŞPA prezidenti siyasi partiya nümayəndələri ilə görüşdü

Sentyabrın 23-də Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının prezidenti Ann Brasör Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələri ilə görüşüb.



Milli Məclisin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, görüşdə Avropanın bəzi qurumlarının ölkəmizə qarşı nümayiş etdirdiyi ikili standartlar əsas müzakirə edilib.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal edilməsinə, bir milyondan artıq qaçqın və məcburi köçkünü olmasına baxmayaraq, ölkəmiz Avropaya inteqrasiya istiqamətində daim irəliləməsindən danışıb:
"Lakin Avropa Parlamenti bu günlərdə növbəti dəfə Azərbaycanla bağlı əsassız və qərəzli qətnamə qəbul edib. Həmin qətnamədə bir sıra məqamlarda AŞPA-ya da istinad olunub. Amma ölkəmizə qarşı təcavüz siyasəti həyata keçirən Ermənistanda insan haqları sahəsində vəziyyət acınacaqlı olsa da, bu ölkə əleyhinə heç bir tədbir görülmür".

AŞPA sədrinin ölkəmizə səfəri çərçivəsində Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdikləri üçün həbs edilən bəzi şəxslərlə görüşmək istəyinə toxunan Siyavuş Novruzov cəbhə bölgəsində həlak olan insanların valideynləri və Xocalı soyqırımı qurbanlarının yaxınları ilə də görüşməyi məqsədəuyğun hesab etdi. Deputat bildirdi ki, bəzi şəxslər və QHT-lər gizli fəaliyyət göstərməklə bərabər, həm də külli miqrdarda vergidən yayınıblar. Bütün bunlara görə, həmin şəxslər dövlətin qanunları qarşısında cavab verməlidirlər. Biz Avropa təsisatları ilə hərtərəfli əməkdaşlığıa hazırıq, amma bu əməkdaşlıq qarşılıqlı hörmət və bir-birilərinin daxili işlərinə qarışmamaq prinsipi ilə həyata keçirilməlidir.

Görüşdə iştirak edən siyasi partiya təmsilçiləri bildiriblər ki, Avropanın bəzi qurumlarının Azərbaycanla bağlı ədalətsiz mövqeyi cəmiyyətdə əsaslı olaraq qıcıq yaradır. Çünki bu təşkilatlar ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlardan yanaşırlar. Ukrayna hadisələrinə görə Rusiyaya sanksiya tətbiq edən həmin qurumlar 20 ildən çox müddətdə ərazimizi işğal altında saxlayan Ermənistana qarşı heç bir tədbir görmürlər. Ona görə də, bu qurumların hər hansı bir mövqeyi Azərbaycan cəmiyyətində ciddi qəbul olunmur.
Sonra AŞPA-nın sədri Ann Brasör Azərbaycan parlamentində təmsil olunan siyasi partiyaların fəaliyyəti, onların iş prinsipləri, ölkəmizdə insan haqları sahəsində vəziyyətə dair mövqeləri ilə maraqlanıb və suallarına ətraflı cavab aldı.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Görüşdə Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev iştirak ediblər.

AzNews.az