Məqalə "Azərbaycanlı zabit Ramil Səfərovun ekstradisiyası ilə bağlı saxta ziddiyətlər" adlanır Məqalə "Azərbaycanlı zabit Ramil Səfərovun ekstradisiyası ilə bağlı saxta ziddiyətlər" adlanır

Rumıniya mətbuatı erməni hay-küyünü tənqid etdi

Məqalə "Azərbaycanlı zabit Ramil Səfərovun ekstradisiyası ilə bağlı saxta ziddiyətlər" adlanır



Rumıniyanın aparıcı və ən çox tirajla satılan "Romania Libera" qəzetinin 21 sentyabr 2012-ci il tarixli sayında Azərbaycanlı zabit Ramil Səfərovun ekstradisiyası və əfv olunması ilə bağlı Ermənistan dövlətinin və erməni diasporunun yaratdığı süni ajiotaj və əsassız iradlarından bəhs edən geniş məqalə dərc edilmişdir. Məqalə "Azərbaycanlı zabit Ramil Səfərovun ekstradisiyası ilə bağlı saxta ziddiyətlər" adlanır. Bu barədə Azərbaycanın Rumıniyadakı səfirliyindən məlumat verilib.

Məqalədə bildirilir ki, Ramil Səfərovun ekstradisiyası və əfvindən sonra Ermənistan dövləti və diasporu çılğına dönmüşdür. Birtərəfli təbliğatdan yararlanan xarici mətbu orqanlar hadisəni əsl faciəyə çevirərək eyniməzmunlu hekayələrlə ziyalı təbəqədə bezginlik yaratmışdır. Təəssüf ki, bu hal məsələləri ədalətli şəkildə təhlil etmədən hadisələri öz çıxarları və maraqları əsasında yozan müasir dünya siyasətçilərinin acınacaqlı "keyfiyyətləri"ndən biridir. Bu günlərdə erməni məsələsi və ya qondarma "soyqırım"ın tanınması bir çox siyasətçilərin seçkilər vaxtı səs toplaması üçün "hava jileti" kimi istifadə olunur. Siyasətçilər dünyaya yayılan erməni diasporunun uydurduqları yalanların rənginə belə baxmırlar. Görünür yalanlar illərlə və dəfələrlə təkrar olunduqca müəyyən müddətdən sonra həmin yalanı uyduranlar üçün də həqiqət kimi qəbul olunur.

Daha sonra müəllif Ermənistan ordusunun zabiti Qurgen Marqaryanı qətl məsələsini "qorxu filmi" kimi təqdim edənlərə səslənərək hadisənin gizlədilən motiv və məqamlarını açıqlayır. Qeyd edilir ki, Ramil Səfərova qeyri-insanı adları yaraşdıranlar bilməlidirlər ki, Qurgen Marqaryanın qətli heç də əvvəlcədən düşünülmüş akt deyildi. Dünyada çox az insana məlumdur ki, Azərbaycanın dövlət atributlarına, bayrağına sataşmaq Azərbaycan vətəndaşı tərəfindən təhqir kimi qəbul olunur. Azərbaycan bayrağını davamlı olaraq təhqir edən, Azərbaycan xalqını alçaldan sözlərlə Qurgen Marqaryan Ramil Səfərovu bu akta təhrik etmişdir. Digər tərəfdən Ramil Səfərov kiçik yaşlarında ermənilərin Azərbaycan torpaqlarının işğalını yaşamış, erməni ordusunun günahsız insanlara qarşı vəhşi rəftarının canlı şahidi olmuş şəxs kimi hazırda erməni tapdağı altında olan Azərbaycanın Cəbrayıl rayonundan qaçqın düşmüş ailənin üzvüdür. O indiyə qədər həmin hadisələri unuda bilmir. Ramil Səfərov işğal olunmuş Dağlıq Qarabağ və ətrafındakı 7 rayondan məcburi köçkün düşmüş 800 min qurbandan biridir.

Ekstradisiyanın beynəlxalq konvensiyalara zidd olması ilə bağlı ittihamların gülünc olduğuna diqqət çəkərək müəllif iddia olunan qanun pozuntusu ilə NATO və Avropa İttifaqının üzvü olan Macarıstanın öz nüfuzunu heç vaxt riskə salmasının inandırıcı olmadığını bildirmişdir. Ramil Səfərovun əfvi ilə bağlı ittihamları isə absurd adlandıran müəllif Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin konstitusiya ilə nəzərdə tutulan müstəsna hüquqlarından istifadə etdiyini vurğulamışdır. Məqalədə qeyd olunur ki, Norveçdə bir gün içində 77 insanı qətl edən və haqqında 21 il həbs qətimkan tədbiri seçilən Anders Breyviklə müqayisədə Ramil Səfərov Macarıstanda 9 ilə yaxın müddət həbs həyatında öz cəzasını kifayət qədər çəkmişdir.

Müəllif ermənilərin bu cür iddialarla öz düşmən təbiətlərini üzə çıxardığını yazır. Daha sonra 1983-cü ildə Parisin Orli hava limanında Türk Hava Yollarının ofisində 8 nəfərin ölümü ilə nəticələnən erməni terrorist təşkilatı ASALA-nın üzvü Varujan Qarabedyanın Ermənistana ekstradisiyası zamanı hələ Yerevana ayaq basmadan o vaxtki Prezident Robert Koçaryan tərəfindən əfv edilməsinə toxunulur. Ramil Səfərovun terroristlə müqayisə etməyin doğru olmadığını bildirən müəllif, Ermənistan rəhbərliyin bu "mərhəmətli" addımına dünya ictimaiyyəti tərəfindən heç bir etirazın edilmədiyini vurğulamışdır.

Məqalədə göstərilir ki, erməni qatillərinin cəzasızlığı bu gün Azərbaycan xalqını üzən başlıca amillərdən biridir. Dünya ictimaiyyəti Azərbaycanın günahsız insanlarına qarşı qanlı qırğınlar törətmiş militant ermənilərin hazırda yüksək dövlət postlarında xidmət etməsinə göz yumur. Ermənistan Prezidenti Serj Sarkisyanın İngilis yazıçısı və eksperti Tomas de Vaala Azərbaycanlıların soyqırımı ilə bağlı verdiyi müsahibəsindən sitat gətirərək müəllif Xocalıda erməni vəhşilikləri haqqında ətraflı məlumat vermişdir.

Qeyd olunur ki, Azərbaycanı narahat edən əsas məqamlar təkcə 1991-1994-cü illər ərzində Dağlıq Qarabağ daxil olmaqla işğal olunmuş Azərbaycan torpaqlarında Azərbaycanlılara qarşı kütləvi qırğın törətmiş şəxslərin Ermənistan dövləti tərəfindən himayə olunması faktı ilə məhdudlaşmır. Bu günlərdə Ermənistanın süni gərginlik və qızışdırmalarından yola çıxan erməni terror təşkilatı ASALA Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinə 2 dəfə təhdid məktubu göndərmişdir. Məqalədə ASALA-nın türk diplomatlarına qarşı terror aktlarından bəhs edilir.

Sonda müəllif Ramil Səfərovun ekstradisiyası ilə bağlı Azərbaycanı günahlandıran və düşmənçilik yayan Ermənistana sadə hadisələri yozmaqla beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmamağı və özünü aldatmamağı tövsiyə edir. Eyni zamanda vurğulanır ki, regionda sülhün açarı olan və uzun müddətdən bəri arzu olunan xalqların yaxınlaşması və barışına fayda gətirməyən gərginliyin yaradılmasından əl çəkməlidir.

Ədil Hüseynli
AzNews.az