Qəzetin bağlanması gözlənilir Qəzetin bağlanması gözlənilir

“Mərkəz” qəzetinin taleyi sual altında

Qəzetin bağlanması gözlənilir



Milli Məclisin üzvü Gülər Əhmədovanın məlum rüşvət olayından və həbsi ilə bağlı fikirlərdən sonra hakim Yeni Azərbaycan Partiyasının da ondan imtina etməsi prosesləri daha da kəskinləşdirib.

Gülər Əhmədova ilə bağlı prokurorluq tərəfindən cinayət işinin açılması, daha sonra YAP-ın imtina bəyanatı deputatın sahibi olduğu "Mərkəz" qəzetində də gərginlik yaradıb. Bəzi mətbuat orqanlarında yayılan məlumata görə, qəzet kollektivində ciddi fikir ayrılığı yaranıb. Hətta bir neçə nəfərin bəyanat verərək qəzetdən gedəcəyi bildirilir. Qəzetin fəaliyyətinin dayandırılacağı da bildirilir.

Yayılan xəbərlə bağlı "Mərkəz" qəzetinin redaktoru Qızılgül Abdinova və digər əməkdaşları ilə əlaqə saxladıq.

Q. Abdinovanın sözlərinə görə, hazırda hər bir kəs iş başındadır: "Mən hazırda sabahkı qəzetin materiallarını oxuyuram. Bu məlumatı oxudum, ancaq belə bir şey yoxdur. Sabah da qəzetimiz çıxacaq".

Qəzetin sonrakı fəaliyyəti barədə hələ ki, heç bir məlumatları olmayan əməkdaşlar da sabah da bu gün kimi işdə olacaqlarını bildirdilər.

Sevinc
AzNews.az