Millət vəkillərindən İP-in mitinq qərarına reaksiya

Fəzail Ağamalı: “Mitinq məsələsi Gülər Əhmədova ilə bağlı gündəmə gəlibsə, bu, ədalətli yanaşma deyil” İqbal Ağazadə: “Onlar bundan istifadə edib, aksiya keçirmək istəyirlər”



Dünən İctimai Palata mitinq keçirmək qərarı qəbul edib. İP-in tələbi parlamentin buraxılması, yeni parlament seçkilərinin keçirilməsidir. Aksiyanın oktyabrın 13-də keçirilməsi nəzərdə tutulur.

Məsələyə münasibət bildirən millət vəkili Fəzail Ağamalı AzNews.az-a deyib ki, İctimai Palata rəsmi qurum deyil, amorf bir təşkilatdır: "Mitinq keçilməsi üçün onlara şərait yaratsalar da, heç bir nəticə əldə edə bilməyəcəklər. Bu insanlar parlamentin buraxılmasına nail ola bilməz.

Milli Məclis öz işini uğurla yerinə yetirməkdədir, qanunverici orqan kimi konstitusiyanın qanunları çərçivəsində öz fəaliyyətini davam etdirir".

F.Ağamalı əlavə edib ki, mitinq məsələsi Gülər Əhmədova ilə bağlı gündəmə gəlibsə, bu, ədalətli yanaşma deyil: "Məsələni şişirdərək, bir nəfərin əməllərini deputatların hamısının ayağına yazmaq anormal yanaşmadır. Düşünürəm ki, onların apardığı təbliğat reallığı əks etdirmir. Bu işlər parlamentin üzərinə kölgə salır".

Deputat İqbal Ağazadə isə deyib ki, digər təşkilatlar kimi, İctimai Palatanın da ölkənin ayrı-ayrı problemləri ilə bağlı qanun verici, icraedici orqan qarşısında tələb qoya bilər: "Mitinq keçirmək İctimai Palatanın konstitusion hüququdur. Onlar bu bundan istifadə edib, aksiya keçirmək istəyirlər. Mən bunu normal qarşılayıram".

İ.Ağazadə bildirib ki, mitinq qərarları siyasi partiyaların və blokların gəldiyi qərardır: "Onların gəldiyi qənaətə görə parlament buraxılmalıdır. Mitinqə icazə verilməsi, artıq, sonrakı məsələdir".

İlkin
AzNews.az