“Ermənistan danışıqlar prosesindən çıxa bilməz”

"Ermənistan birtərəfli olaraq danışıqlar prosesindən çıxa bilməz". Bunu AzNews.az-a açıqlamasında Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov deyib.

SAM rəhbəri söyləyib ki, əgər Ermənistan bu danışıqlardan çıxdığını bəyan etsə, o zaman Azərbaycan tərəfi sülh danışıqlarının nəticəsizliyini qəbul edəcək. Bundan sonra isə Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi üçün tam şərait yaranacaq.

F.Məmmədov bildirib ki, ATƏT-in Minsk qrupu indi olduğu kimi, əvvəllər də Ermənistan tərəfinin bu kimi təxribat xarakterli hərəkətlərinə ciddi reaksiya verməyib. Onun fikrincə, Ermənistan prezidentinin bu cür çağırışını ATƏT-in Minsk qrupu ətraflı təhlil etməli və lazımı addımlar atmalıdır. Ermənistanın bu cür addımlarına beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk qrupu ölkələri münasibət bildirməlidirlər.

F.Məmmədov deyib: "Azərbaycan Prezidenti dəfələrlə bəyan edib ki, müharibə və silahdan istifadə etməmək yolunu Azərbaycan üzərinə öhdəlik götürsə, o zaman Ermənistan tərəfi bundan sui-istifadə edəcək və münaqişənin həllini daha yubandıracaq. İndi də hamı Azərbaycan Prezidentinin söylədiyi fikirlərin real olduğunun bir daha şahidi olur. Doğrudan da, əgər Azərbaycanın müharibə təhdidi olmasa, o zaman Ermənistan daha da qeyri-konstruktiv mövqeyli olacaq və status-kvonu saxlamağa çalışacaq".

Ermənistan prezidenti Serj Sarkisyanın "İndiki halda biz sülh istəmirik" fikirlərinə də toxunan SAM rəhbəri söyləyib ki, erməni prezidentinin bu cür fikirlər səsləndirməsi Ermənistanda qarşıdan gələn seçkilərə hesablanıb: "Çünki, gələn ilin fevralında Ermənistanda keçiriləcək seçkilərdə S.Sarkisyanın vəziyyəti o qədər də yaxşı olmayacaq. S.Sarkisyanın əsas rəqibi olan Robert Koçaryan və digər şəxslər fəal şəkildə seçkilərdə iştirak etmək istəyirlər. Bu ərəfədə isə sabiq xarici işlər naziri, Çiçəklənən Ermənistan Partiyasının üzvü Vardan Oskanyana qarşı cinayət işinin qaldırılması və S.Sarkisyanın Azərbaycana qarşı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi kəskin fikirlər ilk növbədə Robert Koçaryan və digərlərinin əlindən millətçilik şüarlarını almaq məqsədi daşıyır".

Vasif Həsənli
AzNews.az