İslam Kərimov Azərbaycana rəsmi səfərə gəldi

AzərTAc xəbər verir ki, Özbəkistan Respublikasının Prezidenti İslam Kərimov oktyabrın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Özbəkistan dövlətinin başçısını hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Aeroportun ali qonaqlar üçün salonunda İslam Kərimov və Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub. Ali qonaq hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşüb.

AzNews.az