Əməkdar artist istintaqa çağırıldı

Abdullayevin itkin düşən qardaşı Mahir Abdullayevin işi üzrə Baş Prokurorluqda yeni yaradılan əməliyyat -istintaq qrupu bu məsələdə adıkeçən şəxslərin ifadəsini almağa başlayıb.

Bununla bağlı "bizimyolinfo.com"-a daxil olan məlumatda bildirilir ki, artıq Mahir Abdullayevin oğurlanması işində adı keçən populyar müğənni Mətanət İsgəndərli və bacısı Təranə istintaqın suallarını cavablandırmaq üçün prokurorluğa dəvət edilib. Hər iki şəxs qarşıdakı iki gün ərzində istintaqın suallarına cavab verəcəklər.

Qeyd edək ki, Elşad Abdullayevin hüquq-mühafizə orqanlarına etdiyi müraciətində MTN rəhbərliyi ilə yanaşı Mənatət İsgəndərlinin də adı çəkilib. Belə ki, Mahir Abdullayevlə yaxın münasibətdə olan müğənninin bu işin təşkilatçılarından biri olduğu iddia olunur.

Mətanət İsgəndərli yenidən gündəmə gələn bu məsələ barədə sualımızı cavablandırıb: "Bu söhbət bitib. Bir dəfə mövqeyimi bildirmişəm. Daha əlavə nə deyəsiyəm ki? Şər-böhtana nə cavab verim. Mənim üçün bu söhbət bitib".
İstintaqa çağırılmasına gəlincə, Mətanət İsgəndərli bu barədə danışmayacağını dedi: "Mən ümumiyyətlə, bu məsələ ətrafında heç nə deməyəcəm".

AzNews.az