İqbal Ağazadə: “Hələ ki, ayrılmayıb”

"Bu, təqdirə layiq haldır. Amma ayrılan vəsait çox azdır". Bunu AzNews.az-a Ümid Partiyasının sədri İqbal Ağazadə siyasi partiyaların dövlət tərəfindən maliyyələşməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ayrılan vəsait partiyaların nəinki institut kimi, heç qrup kimi də formalaşmasına təkan verə bilməz: "2 milyon manat bu qədər siyasi partiya üçün çox azdır. Dövlət Dəstəyi Fondundan digər təşkilatlara bundan çox pul ayrılır. Özü də hələ ki, vəsaitin verilməsi hələ reallaşmayıb".

Qeyd edək ki, "Siyasi Partiyalar Haqqında" qanuna əsasən 2013-cü ilin dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi üçün 2 milyon manat ayrılacaq. Bu vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan partiyalar arasında səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi MM-də təmsil olunan partiyalar arasında bərabər, 50 faizi isə deputatların sayına proporsional bölünür. Parlamentdə YAP 70, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Ümid, Böyük Quruluş, Sosial Rifah, Ədalət, Milli Dirçəliş Hərəkatı, Vətəndaş Birliyi və Demokratik İslahatlar partiyalarının hər biri 1 deputatla təmsil olunur. Müsavat, AXCP, ADP, KXCP, AMİP kimi partiyalar maliyyələşməyə daxil deyil.

İlkin Pirəli
AzNews.az