Müdafiə Nazirliyi erməni generalına cavab verdi

"Erməni generalı Artak Davityanın Azərbaycanın neft və qaz infrastrukturunun vurulmasına yönəlmiş hədələri biz düşmənin növbəti boşboğazlığı kimi qəbul edirik". Bunu çərşənbə axşamı Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu deyib.

"Düşmən bu cür danışmağa adət edib. Dəfələrlə belə cəfəng və sərsəm bəyanatların şahidi olmuşuq. Bunu düşmənin növbəti boşboğazlığı kimi qəbul edirik. Onun gücü və ağlı özününkü deyil, kənardan gəlmədir", - nazirlik rəsmisi bildirib.

O deyib ki, Azərbaycanın neft və qaz yataqları dünyanın ən böyük dövlətləri və şirkətləri ilə birgə istifadə olunur. İkincisi, Azərbaycan öz neft və qaz yataqlarının istismarını həyata keçirdiyi kimi onu qorumağı da bacarır. "Əksinə, düşmənin anlaması lazımdır ki, Azərbaycanın Silahlı Qüvvələrinə məxsus yeni raket sistemləri Ermənistanın istənilən strateji obyekt və hədəflərini vurmağa qadirdir. Bunları boşuna səsləndirmirik", - Sabiroğlu qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın gündən-günə inkişafı, əldə etdiyi uğurlar, dövlət büdcəsində müdafiə xərclərinin artırılması Ermənistanı çıxılmaz vəziyyətə salıb. Ona görə də daxili publikaya hesablanmış belə ağılsız bəyanatlarla erməni ictimaiyyətinin etirazlarını azaltmağa çalışırlar. Hədənin başlıca məqsədi də məhz bundan ibarətdir.

AzNews.az