Qabil Hüseyinli: “Sülh sazişləri hələ də öz köhnə variantında qalmaqdadır” Qabil Hüseyinli: “Sülh sazişləri hələ də öz köhnə variantında qalmaqdadır”

Qarabağın qeyri-məqbul həll variantı...

Qabil Hüseyinli: “Sülh sazişləri hələ də öz köhnə variantında qalmaqdadır”



Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin növbəti mərhələsi Fransada reallaşacaq. Fransanın Azərbaycandakı səfiri Paskal Monyenin verdiyi məlumata görə, bu dəfə rəsmi Paris təşəbbüsü ələ almaq iddiasındadır. Belə ki rəsmi Paris digər iki vasitəçi ölkə ilə birlikdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünü təşkil etməyi planlaşdırır.

Qeyd edək ki, neçə ildir ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri olan ABŞ və Fransadan fərqli olaraq Rusiyanın daha çox bu məsələdə aktivlik nümayiş etdirdiyi müşahidə olunur. Bu isə heç də problemin aradan qaldırılmasında rəsmi Kremlin səmimiliyi anlamı daşımır. Fransa və ABŞ-ın da ara-sıra göstərdiyi cəhdlər hansısa müsbət nəticəyə gətirib çıxarmayıb. Belə olan halda haqlı olaraq həmsədr dövlətlərin cəhdlərinin niyə 19 ildə hansısa nəticə vermədiyi sualı ortaya çıxır.

AzNews.az-ın əməkdaşı ilə söhbətində siyasi şərhçi Qabil Hüseynli bildirib ki, indiyə kimi müşahidə olunan təşəbbüslərin hər hansı effekt verməməsi Dağlıq Qarabağ probleminin həll variantlarının qeyri-məqbul olmasından irəli gəlir: "Bu bir tərəfdən qeyri-məqbul həll variantının göstəricisidirsə, digər bir tərəfdən də Ermənistanın Azərbaycanın təklif etdiyi həll variantı ilə razılaşmamasının nəticəsi ilə bağlıdır".

Bütövlükdə həmsədr dövlətlərin Qarabağ danışıqlarında səmimi olmadıqları fikri ilə razılaşmayan Q.Hüseyinlinin sözlərinə görə, ABŞ və Fransanı Rusiya ilə müqayisə etmək yanlışlıq olar: "Hesab etmirəm ki, vasitəçi dövlətlərin hər üçü problemin həllində qeyri-səmimidirlər.

Rusiyadan başqa hər iki ölkə danışıqların baş tutmasını və aparılan danışıqlarda irəliləyişlərin olmasını istəyirlər. Amma danışıqlar prosesində ATƏT-in layihə kimi təklif etdiyi "Baza prinsipləri" və üzərində işlədikləri "Çərçivə sazişləri" deyilən sülh sazişləri hələ də öz köhnə variantında qalmaqdadır. Bütün bunlar isə, əgər Azərbaycan tərəfi bunu qəbul edərsə, o zaman bu ərazi bütövlüyümüzün pozulmasına gətirib çıxarar. Bu səbəbdən də məsələnin həllinə çalışanlar ilk növbədə problemin ədalətli həllinə, yəni Azərbaycanın ərazi bütövlüyünün pozulmasına yol verməyən baza prinsipləri çərçivəsində danışıqlar prosesinin baş tutmasına nail olmalıdırlar".

Politoloqun qənaətincə, vasitəçilər bütün hallarda Dağlıq Qarabağ danışıqlarının uğursuzluğa aparmamasına çalışmalıdır: "ATƏT-in Minsk Qrupu elə etməlidir ki, aparılan danışıqlar prosesi Dağlıq Qarabağın "müstəqilliyi" ilə nəticələnməsin. Dağlıq Qarabağa razılaşdırılmış bəlli bir status müəyyənləşdirilməli və bu status Dağlıq Qarabağa verilməklə bu məcrada danışıqlar prosesi aparılsın.

Bu gün əlbəttə ki, danışıqlar prosesi davam etdiriləcək və bu istiqamətdə də cəhdlər ediləcək. Amma danışıqlar masasının üzərinə qoyulacaq prinsiplər, o cümlədən sülhyaratma prinsipləri, problemin həlli ilə bağlı təkliflər əgər, Azərbaycanın xeyrinə olmayacaqsa, onda hər hansı bir irəliləyiş də olmayacaq".

Eyni zamanda da Q.Hüseyinli hesab edir ki, bu cür yanaşma Qərb dövlətləri barəsində birmənalı fikir səsləndirməyə də imkan vermir: "Əgər Azərbaycanın maraqlarını ifadə etməyən danışıqlar davam etdirilərsə, o zaman elə təəssürat yaranacaq ki, Qərb Ermənistanın tərəfini tutmaqda və ikili standartlarla yanaşma prinsipini nümayiş etdirməkdədir".

Gültəkin Qəhrəmanlı
AzNews.az