Müsavat Emin Milli ilə razıdır

"Emin Millinin bir sözü ilə tamamilə razıyam". Bunu AzNews.az-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı blogger Emin Millinin ittihamlarına cavab olaraq deyib. O bildirib ki, Müsavat partiyasının fəaliyyəti göz önündədir: "Emin Millinin bir sözü ilə tamamilə razıyam ki, xalqın gözü tərəzidir.

Təbii ki, bəzi şəxslər obyektiv və subyektiv səbəblərdən Müsavat Partiyasını və liderlərini bəyənməyə bilər. Amma bütün seçkilər, sorğular göstərir ki, Azərbaycan cəmiyyətinin az-çox etimad göstərdiyi siyasi qüvvə elə Müsavat partiyasıdır. Reallığı demək lazımdır".

A.Hacılının fikrincə, demokratik seçkilər keçirilərsə, xalqın müxalifət partiyalarına nə dərəcədə inandığı ortaya çıxacaq: "Uzun müddət siyasətlə məşğul olmuş insanlar birgə mübarizə aparmalıdırlar. Yəni demokratik seçkilərin qarşısını alan qüvvəyə qarşı vahid mövqe sərgiləməlidirlər".

Xatırladaq ki, blogger Emin Milli "Facebook" səhifəsində müxalifəti ittiham edib. O yazıb: "Əsas məsələ həbsdə olmaq deyil, həbsdən sonra nə işlər görməyinizdir. Bir lider, bir partiya dövrü keçdi! Bizim gücümüz həqiqətin gücü olacaq, bir liderin, bir qəzetin və ya bir partiyanın süni gücü olmayacaq. Həbsdə olmaqla, qurbanlar verməklə özünüzü yalandan qoruya bilməyəcəksiniz. Əsas məsələ həbsdə olmaq deyil, həbsdən sonra nələrlə məşğul olub və nə işlər görməyinizdir. Xalqın gözü tərəzidir".

İlkin Pirəli
AzNews.az