İbrahim Rüstəmli: “Cəbhə xəbərlərilə daim ehtiyatlı davranmaq lazımdı”

Dövlətin mediaya göstərdiyi dəstəyin nəticəsidir ki, hazırda Azərbaycan mətbuatı bir çox inkişaf etmiş dünya ölkələrinin media quruluşları ilə müqayisə olunacaq səviyyəyə yüksəlib.

Buna rəğmən bütün dünya mətbuatında olduğu kimi, Azərbaycan mediasında da bir sıra problemlər mövcuddur. Bu fəsadlar isə daha çox jurnalitsikanın ən həssas qolu olan hərbi jurnalistika ilə əlaqədardır.

Yəni ölkə mətbuatında hərbi jurnalistika və hərbi maarifləndirmə baxımından ciddi boşluq var. Qeyri-peşəkar mətbuat nümayəndələri bir çox hallarda hərbi sirləri yayırlar. Bir də görürsən ki, jurnalistlər dövriyyəyə ön xətdən, səngərlərdən, hərbi hissələrdən foto və videolar buraxır, mövqelərimizin yerləşdiyi yerin və yüksək rütbəli zabitlərin adını açıq şəkildə yazırlar. Əlbəttə, bu kimi hərbi sirləri yaymaq yolverilməzdir. Mövcud situasiya göstərir ki, Azərbaycanda hərbi jurnalistika sahəsinin inkişafı olduqca zəruridir. Bu sahədə yazan jurnalistlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi, hərbi biliklərinin artırılması jurnalistlərin informasiya əldə etmək imkanlarının genişləndirilməsində, təhlükəsizlik və müdafiə sektorunda demokratik vətəndaş nəzarətinin həyata keçirilməsində mühüm rol oynayacaq. Əslində hərbi jurnalist anlayışı bu gün hələ də müzakirə olunan və konkret kiməsə şamil edilməsi barədə qərar verilməyən bir sahədir. Bəzi ekspertlər hesab edir ki, hərbi jurnalist olmaq üçün hansısa şərt yoxdur. İstənilən media nümayəndəsi hərbi jurnalist ola bilər. Yəni bunun üçün onun hərbi sahədə bəzi biliklərə yiyələnməsi, silahlı qüvvələr, müdafiə sektoru barədə anlayışının, ən əsası hərbi xidmət barədə əsgəri səviyyədə anlayışının olması lazımdır. Yerdə qalanı isə zamanlıqdır. Yəni zaman özü onu hərbi jurnalist-ekspert kimi yetişdirəcək.

Bu baxımdan "Şərq" qəzeti hərbi jurnalistikanın indiki durumu, bu sahədəki problemlər və ondan çıxış yolları barədə "Azərbaycan Ordusu" qəzetinin sabiq baş redaktoru, əməkdar jurnalist, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmlinin münasibətini öyrənib. O, müsahibəsində qeyd edib ki, çağdaş jurnalistikamızın vəziyyəti necədirsə, hərbi jurnalistikanın durumu da o yerdədi:
"Bunu hərə bir cür qəbul edir, hərə bir cür qarşılayır, amma mən öz müşahidələrimin diktəsinə tamamilə təbii baxıram və inanıram. Yaradıcılıq sonunadək, yorulmadan axtarmaq deməkdi. Bu, kifayət qədər ağır, üzücü və mürəkkəb prosesdi. Hər adam öz çiynini bu yükün altına vermir. O üzdən sözügedən sahədə, şəxsən mən, barmaqla sayılacaq qədər çox az təəssübkeş jurnalist görürəm. Uzunmüddətli xidmətim ərzində qazandığım təcrübə isə ümidlərimin üstündən tez-tez qoşa çarpaz xətt çəkib. İyirmi ildən çox hərbi jurnalistikada təmsil olunan, ancaq bu vaxt ərzində Ordumuzdan bir dənə də olsun yazı yazmayan "diplomlu hərbi jurnalist" tanıyıramsa, deməli, vəziyyət bir o qədər də ürəkaçan deyil. Mən hələ bir yazıda ancaq ad və soyadlarını, bununla da, məkanı dəyişən, bu sahəyə, ümumiyyətlə, "paraşütlə" atılan təsadüfi "jurnalistlərdən" danışmıram. Ancaq bu da məsələnin hamısı deyil. Ortada ciddi yaradıcılıq problemlərinin mövcudluğunu danmaq qeyri-mümkündü. Çiynində par-par yanan ulduzlarınla sən ancaq ətrafındakı sadəlövh adamları aldada bilərsən, amma düşməni yox. Çünki düşmən ulduzlarınla döyüşmür, sənlə döyüşür. Ona görə də bu sahə haqqında ciddi düşünməyə böyük ehtiyac duyuram. Vəziyyət dəyişib. Çevikliyə, təəssübkeşliyə və yaradıcılıq axtarışlarına önəm verilməlidir. Dedi-qoduya, məişət söhbətlərinə yox. Ona-buna şər atmaq, vicdan əzabı çəkmədən barmağını şərəfsizcəsinə namuslu insanların üstünə tuşlamaq, yaradıcılıq deyil, Vətənə xidmət deyil. Ancaq onu da deyim ki, ömrüm boyu ümidsizlik mənimlə yol yoldaşı ola bilməyib. Həmişə önəmli olana doğru getmişəm. Önəmli olan isə hərbi jurnalistikada, sözün həqiqi mənasında, qələmini süngüyə çevirən və bu zaman heç bir təmənna ummayan həmkarlarımdı.

– Hərbi vətənpərvərlik mövzusunda yazan jurnalistlərin və media quruluşlarının fəaliyyəti, eyni zamanda sayı qənaətbəxşdirmi?

– Əlbəttə, xeyr. Say önəmli deyil. Əsas keyfiyyətdi. Bu sahədə ciddi uğurlara imza atan çox az müəllif və media qurumu tanıyıram. Yəni, cəbhədə, məsələn, son günlər müşahidə olunan davamlı gərginliyi biz öz həyatımızda nəinki yaşamırıq, bəzən, ümumiyyətlə, heç hiss etmirik. Özü də bu, köhnəlmiş və dayanıqlı təcrübədi. Lokal yaradıcılıq uğurlarını isə indiki vəziyyətdə heç təsəlli kimi də qəbul etmirəm. Bizim eyni sırada çiyin-çiyinə verib düşmənə qarşı döyüşən vaxtımızdı. Yəni hamımız bir mərkəzdə səfərbər olub informasiya cəbhəsində mobil şəkildə dövlətimizin və xalqımızın müdafiəsinə qalxmalıyıq. Uğur, qələbə yalnız bundan sonra qazanılacaq. Pərakəndəlik, şəxsi ambisiyalar, təcrübəsizlik isə bizə indiyədək gördüklərimizdən də ağır acılar yaşada bilər.

– Hərbi vətənpərvərlikdən yazan jurnalistlərin bu sahə üzrə ixtisaslaşmasına ehtiyac varmı? Varsa, bu iş necə aparılmalıdır? Bunun üçün ayrıca tədris olmalıdırmı?

– İxtisaslaşmaya bütün sahələrdə ehtiyac var. Bu elə bir işdi ki, davamlı və planlı şəkildə, fasiləsiz aparılmalıdır. Məsələn, əgər sən həkimsənsə, təbabətin ən müasir uğurlarını öyrənmədən, əlbəttə, öz xəstələrini sağalda bilməzsən. Həyatımızın dinamikası çox güclüdü və o, öz tərəfində yalnız güclü olanlara yer verir. Yəni bu iş həm fərdi, həm də kompleks şəkildə reallaşdırılmalıdır. Bu isə özündə ilk növbədə insan amilini ehtiva edir. Gərək sən özün də daim axtarışda olasan, öz üzərində işləyəsən, yazdığın sahə ilə dərindən maraqlanasan. Yalnız bundan sonra müəyyən kurslar, mühazirələr və "master klass"lar haqqında danışmaq olar.

– Bəzən jurnalistlər ölkənin milli təhlükəsizliyinə zidd informasiyalar verirlər. Bu, nədən irəli gəlir?

– Bu, bizim ordunun daim yaralı yeri olub. Hər əlinə qələm alan, yaxud bir dəfə cəbhəyə gedən jurnalist özünü müvafiq sahənin mütəxəssisi kimi aparır. Ona görə də əksər məqamlarda bilməyərəkdən ciddi strateji təhriflərə, səhvlərə yol verir. O səhvlər bəzən hətta ölkənin milli təhlükəsizliyinə təhdid yaradır. Ona görə də ordu haqqında yazanlar ilk növbədə öz məsuliyyətlərini dərk etməlidirlər, hansı mövzunun "qulpundan yapışdıqlarını" başa düşməlidirlər. Təcrübəsizliyin ağır fəsadlar yaradacağını unutmamalıdırlar. Bu cür dezinformasiyalar, həm də cəbhədə gecə-gündüz vətənimizin keşiyini çəkən qəhrəman oğullarımızın həyatını ciddi risk altında qoyur. Ümumiyyətlə, cəbhə xəbərlərilə daim ehtiyatlı davranmaq lazımdı. Ən azı ona görə ki, bu xəbərlərdən həmişə barıt qoxusu gəlir.

– Cəbhədə gərginlik baş verərsə və ya bu gərginlik şiddətli xarakter alarsa, jurnalistlər və yaxud media necə davranmalıdır? Çünki ötən il sərhəddə atəşkəs rejimi pozulanda bəzi saytlar "kəndlər boşalır" başlıqlı yazılar verirdilər. Bu məsələlər necə tənzimlənməlidir?

– Bütün bunlar sadəcə bir mərkəzdən koordinasiya edilməlidir. Ümumiyyətlə, hər hansı jurnalistin "kəndlər boşalır" kimi informasiyanı dövriyyəyə buraxması istənilən halda ölkənin strateji maraqlarına cavab vermir. Bu, birbaşa düşmənin ideoloji mübarizəsinə qoşulmaq və qarşı tərəfi təmsil etmək deməkdi. Ola bilsin, o informasiyanı yayan müəllif məsələnin bu qədər ciddi olduğunu axıradək başa düşmür, amma o da var ki, əgər sən öz istedadına və intellektinə güvənmirsənsə, niyə əlinə qumbara götürürsən! Bilmirsən ki, adi bir ehtiyatsızlıq üzündən o hər an partlaya bilər.

– Ölkədə hərbi ekspert qıtlığı yaşanır. Bunu nə ilə izah edərdiniz?

– Açığı, bu barədə heç vaxt ciddi düşünməmişəm. Çünki ekspert qıtlığı məsələsi mənim kompitensiyama aid olan məsələ deyil. Yalnız sizin sualınızdan sonra bu haqda ilk dəfə nəsə demək lazım gəlir. Ancaq düşünürəm ki, biz qıtlığa, yəni kəmiyyətə deyil, keyfiyyətə daha çox diqqət yetirməliyik. Məncə, önəmli olanı budu. Məsələn, son vaxtlar bir sıra saytlara verdiyim müsahibə və açıqlamalarım sosial şəbəkələrdə ciddi müzakirə olunur. Bilən də, bilməyən də özünü ortaya atır. Burada düşünülmüş şəkildə mənə qarşı kampaniya aparan bir qrup da var. Bu qrupun ən fəal üzvləri vaxtilə Xalq Cəbhəsi dövründə hakimiyyəti təmsil edən adamlardı. Onların bu xalqı büsbütün ümidsizliyə sürükləyən yalançı qəhrəmanlığına, canfəşanlığına təəccüblənməmək olmur. Mən özünü və öz sözünü tanıyan adamam. Amma yenə də bir sıra səbəblər üzündən hər şeyi açıq-aydın ifadə edə bilmirəm. Çünki sözümün boynuna çatı keçirənlər çoxdu.

– Ümumiyyətlə, media ilə Müdafiə Nazirliyinin birgə fəaliyyətini necə dəyərləndirirsiniz?

– Məlum səbəblər üzündən bu haqda geniş danışmaq niyyətində deyiləm. Yalnız bircə kəlmə deyə bilərəm ki, Müdafiə Nazirliyi ilə media arasında səmərəli əlaqələrin qurulması günün ən aktual mövzusudu…