- Siyasi müzakirə
- 16:57
- 1 730
"Köçəryan, Sarkisyan və Karapetyan revanşist ritorikaya üstünlük verir" – Rəşad Bayramov
"Köçəryan, Sarkisyan və Samvel Karapetyan kimi fiqurların fəallaşmasının seçkiöncəsi revanşist ritorikanın güclənməsinə səbəb olduğu ortadadır. Bununla belə, onların vahid siyasi platformada birləşə bilməməsi hazırkı mərhələdə həqiqətən də əsas zəif nöqtə kimi görünür. Bu qüvvələrin birləşməsi nəzəri baxımdan mümkündür, lakin praktikada bir sıra maneələr mövcuddur. İlk növbədə, şəxsi ambisiyalar və liderlik uğrunda rəqabət bu düşərgədə uzun illərdir davam edir. Həm Robert Köçəryan, həm də Serj Sarkisyan öz siyasi irslərini qorumağa çalışır və onların vahid lider altında birləşmək ehtimalı aşağıdır. Karapetyan isə daha çox maliyyə və təsir resursları ilə çıxış edir, lakin geniş ictimai legitimlik baxımından digərləri ilə eyni səviyyədə deyil. Digər tərəfdən, hakim Nikol Paşinyan komandası hələ də müəyyən sosial dayaqlara malikdir. Xüsusilə 2018-ci ildə baş vermiş inqilabdan sonra formalaşan siyasi legitimlik tamamilə itirilməyib. Baxmayaraq ki, müharibədən sonrakı dövrdə Paşinyanın reytinqi zəifləyib, lakin o, hələ də “köhnə elita” ilə müqayisədə daha az mənfi imicə sahibdir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.
Qeyd edək ki, Ermənistanda parlament seçkilərinə artıq iki aya yaxın vaxt qaldığı bir dövrdə Rusiyaya bağlı revanşist və radikal millətçi qüvvələrin fəallaşması açıq şəkildə müşahidə olunur. Xüsusilə Robert Köçəryan, Serj Sarkisyan və Samvel Karapetyan ətrafında formalaşan siyasi komandaların aktivliyinin artması seçkiöncəsi mübarizənin daha da kəskinləşdiyini göstərir. Bu qüvvələr həm siyasi ritorikada, həm də ictimai müstəvidə mövqelərini gücləndirməyə çalışaraq mövcud hakimiyyətə qarşı təsir imkanlarını genişləndirməyə cəhd edirlər.
Siyasi şərhçi qeyd edib ki, xarici faktorlara gəldikdə isə, Rusiyanın bu proseslərdə rolu, şübhəsiz, mühüm olaraq qalır.
"Kreml üçün Ermənistanda daha loyal və nəzarət edilə bilən hakimiyyətin formalaşması strateji maraqlara uyğundur. Bu baxımdan, Moskvanın müxtəlif müxalif qruplar arasında koordinasiyanı təşviq etməsi ehtimalı mövcuddur. Yəni, Rusiyadan gələn göstəriş əsasında adı çəkilən və çəkilməyən fiqurların vahid komanda şəklində seçkidə iştirakı baş tuta bilər. Lakin bu dəstək avtomatik olaraq seçki qələbəsi demək deyil. Ermənistan cəmiyyətində Rusiyaya münasibət son illərdə daha qarışıq, ziddiyyətli xarakter alıb və açıq şəkildə “Kreml yönlü” siyasət seçicilərin əksəriyyəti üçün cəlbedici deyil. Eyni zamanda, ABŞ və Avropa İttifaqı kimi aktorların diqqətinin Ukrayna və Yaxın Şərqdəki gərginliklərə yönəlməsi Cənubi Qafqazda müəyyən “geosiyasi boşluq” yarada bilər. Bu isə nəzəri olaraq Rusiyanın təsir imkanlarını artırır. Lakin bu boşluq tam nəzarətsizlik demək deyil. Qərb institutları seçki proseslərini yenə də müəyyən dərəcədə izləyəcək və Paşinyana dəstəklərini davam etdirəcəklər. Avropa İttifaqı artıq seçkilərdə kənar təsirləri minimuma endirmək üçün Ermənistana xüsusi qrup göndərilməsi barədə qərar qəbul edib. Məqsəd Rusiyanın seçkilərə təsir imkanlarını minimallaşdırmaqdır. Odur ki, revanşist qüvvələrin Kremlin dəstəyi ilə birləşərək Paşinyanı məğlub etməsi tamamilə istisna olunmasa da, bu ssenarinin reallaşma ehtimalı olduqca aşağıdır. Əsas həlledici amil, yəni müəyyənedici faktor daxili birliyin olub-olmaması və seçici davranışıdır. Paşinyan və komandası seçkilərə sülh şüarı ilə gedir. Sülhün alternativi isə müharibədir. Revanşistlərin mövcud hakimiyyəti Ermənistanın maraqlarını satmaqda günahlandırması və hələ də ərazi iddiaları ilə çıxış etmələri Paşinyana və komandasına onları müharibə istəyən tərəf kimi təqdim etməyə imkan verir. Başqa sözlə, seçici ya davamlı sülh, ya da müharibə arasında seçim etmək məcburiyyəti ilə üz-üzədir. Ermənistanda cəmiyyət yeni müharibənin nələrə səbəb ola biləcəyini dərk edərsə, revanşistlərin qələbə imkanları da azalacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az