Fraksiya üvzündən Mirəlioğluna təşəkkür

Ədalət Yusubov: “Biz yoldaşıq”



"Partiyadan istefa verməyə normal yanaşıram. Mən də istefa vermişəm və bu, mənim hüququmdur. Hüququmdan istifadə edib, bu addımı atmışam. Mirmahmud bəy mənim istefamı xəyanət hesab edə bilər. Mən belə düşünmürəm, bunu partiyaya xidmət kimi qiymətləndirirəm"

Bu sözləri AzNews.az-a "Demokratik Birlik" Fraksiyasının təsisçilərindən olan Ədalət Yusubov KXCP sədri Mirmahmud Mirəlioğlunun partiyadan istefa verənlər haqqında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, istefa verən şəxslər partiya sədrinin müavinləri olublar. Onlar könüllü olaraq istefa veriblər: "İstefalarının səbəblərini bu və ya digər formada mətbuata açıqlayıblar. Mirmahmud bəy deyir ki, istefa verənlər Azərbaycan əhalisinin siyahısında vətəndaş kimi qeyd edildiyinə görə təəssüf edirəm. Bəs o zaman həmin şəxslər partiya sədrinin müavini səviyyəsinə qədər necə yüksəlib? Bunun günahı kimdədir?".

Ə.Yusubov həmçinin, qeyd edib ki, Mirmahmud bəy açıqlamasında bəzi insanları fərqləndirdiyinə görə ona təşəkkür edir: "Biz əqidədaşıq, yoldaşıq. İstənilən halda insanları qiymətləndirmək lazımdır. Biz başqa yerə getməmişik, sadəcə, tutduğumuz vəzifədən istefa vermişik. Biz bundan sonra da partiyaya xidmət edəcəyik".

Xatırladaq ki, Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu ötən həftə AzNews.az-a açıqlamasında bildirib ki, partiyadan gedən şəxslər partiyaya deyil, özlərinə zərbə vururlar: "Azərbaycanda siyasət belədir, bu gün burada, sabah başqa yerdə. Bu, normal hal deyil. İstefa verən insan özü haqqında düşünməlidir".

Mirəlioğlu qeyd edib ki, KXCP-dən istefa verənlər içərisində xidmətləri böyük olan insanlar da olub. Bəzi insanlar isə heç bir iş görməyiblər. Bunlar fərqləndirilməlidir: "Fraksiyaçıların içərisində özünü idarə etməyi bacarmayan, tərbiyəsi Azərbaycan cəmiyyətində çox pis qarşılanan, əxlaqdan uzaq siyasət yürüdən adamlar da var. Biz onlara partiyada görəv verərkən düşünürdük ki, yaxşı olar. Görünür, etimad göstərməkdə yanılmışıq. Və onların Azərbaycan əhalisinin siyahısında insan kimi qeyd edildiyinə təəssüf edirəm".

İlkin Pirəli
AzNews.az