Ziyafət Əsgərov Avropanı sərt tənqid etdi: “Onları dənizdə siz batırdınız”

“Avropa Parlamentində bu qətnaməyə səs verən deputatların bir çoxu heç Azərbaycanı tanımır”.


AzNews.az xəbər verir ki, bu sözləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bu gün keçirilən növbədənkənar iclasda deyib. O, həmin şəxslərin Azərbaycanın beynəlxalq imicini ləkələməyə çalışdığını, Azərbaycanda söz azadlığı və demokratiyanın olmadığını iddia etdiklərini bildirib. Z.Əsgərov Milli Məclisdə olan KİV nümayəndələrinə də müraciət edib: "Burada onlarla jurnalist var, indiyədək hansınıza deyilib ki, bunu yazmayın, onu yazın? Olmayıb. Əgər belə bir hal olsaydı, hər halda deyilərdi. Azərbaycanda heç bir siyasi məhbus və ya təqib olunan jurnalist yoxdur. Avropa bu cür yolla Azərbaycana təzyiq etməyə çalışır".

Z. Əsgərov qeyd edib ki, Avropa Parlamenti rəhbərliyində oturan bir neçə şəxs erməni lobbisinin təsiri altına düşüb: "Axı Azərbaycandan nə istəyirsiniz? Azərbaycan da sizin kimi inkişaf yolu tutub, indi buna niyə paxıllıq edirsiniz? Azərbaycanda noyabrın 1-də parlament seçkiləri keçiriləcək. Avropada artıq bu seçkilərin nəticələri ilə bağlı hesabatları hazırlayıblar. Sual olunur, axı siz nə bilirsiniz seçkilərin nəticələri necə olacaq? Axı siz hansı haqla Azərbaycan xalqının iradəsinə müdaxilə edirsiniz?!"

Z. Əsgərov Avropa Parlamentinin rəhbəri Martin Şultsu korrupsiyada ittiham edib. Avropada yaranmış miqrant böhranı və ərəb ölkələrində baş verən hadisələrə də toxunan Z. Əsgərov deyib ki, indi Misirdə, Liviyada, Suriyada, Əfqanıstanda müharibələr, fəlakətlər baş verir: "Bu ölkələrdə əhali qaçqın vəziyyətinə düşüb. Onları kim qaçqın etdi? Əlbəttə ki, Avropa, siz etdiniz. Onların heç bir günahı yoxdur. Günahkar sizsiniz. İndi də gedib onların problemlərini necə yaratmısınızsa, elə də həll edin. Milyonlarla dollar pul qoyub Liviyanı dağıtdınız, indi Azərbaycanı dağıtmaq istəyirsiniz. Minlərlə miqrantı dənizdə batırırsınız, öldürürsünüz. Axı bu nə vəhşilikdir?! Burada da milli satqınlar Avropadan milyonlarla pul alıb. İndi ölkədə xaos yaratmaq istəyirlər. Ancaq bu, mümkün olmur. Çünki Azərbaycanda xalqla iqtidar arasında güclü birlik var".

AzNews.az