Putin ölkələrini bir yerə toplayır - Moskvada “yeni BMT“

Vaşinqton ilə Moskva arasında diplomatik qaydada mədəni mübarizə davam edir.


Bəzi hallarda iki ölkə arasında soyuq münasibətlərin mülayimləşmə görüntüsü yaradılsa da, əslində, ABŞ və Rusiya məqsədlərinə çatmaq üçün siyasi fəaliyyətlərini sürdürürlər. ABŞ dünya dövlətlərini birləşdirən Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının sessiyasına hazırlaşır. Rusiya isə boş oturmur və bu ölkədən və təşkilatdan narazı olan dövlətləri Moskvaya toplayaraq, gündəm yaradacaq hadisələrlə yadda qalmağa cəhd göstərir.



Barak Obama - ABŞ prezidenti və Vladimir Putin - Rusiya prezidenti


Təbii ki, Prezident Vladimir Putin dünyanı lərzəyə salacaq, titrədəcək təşəbbüslərdən əl çəkmir. O, bu dəfə Rusiya , Türkiyə və Fələstin prezidentlərini, Azərbaycan, İran, Qazaxıstan da daxil olmaqla Orta Asiya və ərəb ölkələrinin rəsmi şəxslərini Moskvaya toplamaq qərarına gəlib. Sentyabrın 23-də baş tutacaq bu görüşün məhz həmin tarixdə Nyu-Yorkda baş tutacaq BMT Baş Assambleyasının 70-ci sessiyasının açılışı gününə təsadüf etməsi isə diqqət çəkir.

Sessiyanı BMT-nin baş katibi Pan Gi Mun və iyunda 70-ci sessiyanın sədri seçilən avstriyalı diplomat Moqens Likketoft açacaq. Yubiley sessiyasının gündəliyində 170 mövzunun, o cümlədən sülh və təhlükəsizlik, silahlı münaqişələrin qarşısının alınması, terrorçuluğa, irqi ayrı-seçkilik və ksenofobiyaya qarşı müqavimət, ətraf mühitin qorunması, ölkələrin davamlı inkişafına dəstək, nüvə silahlarının yayılmaması rejiminə əməl edilməsi, insan haqlarının qorunması və qanun aliliyinin təmin olunması məsələləri yer alır.


BMT Baş Assambleyası

Rusiya prezidentinin mətbuat katibi Dimitri Peskov sə bildirib ki, Putinin dəvəti ilə Moskvaya gələn qonaqlar yeni məscidin açılışına qatılacaq. Səfər çərçivəsində prezidentlərin ayrıca ikitərəfli və çoxtərəfli görüşləri də nəzərdə tutulur.

Bir çox ekspertlər real vəziyyəti Rusiya ilə Qərb arasındakı mədəni toqquşmanın bariz nümunəsi kimi dəyərləndirir. Bəs, həqiqət nədən ibarətdir, hər iki ölkənin mühüm tədbirləri təsadüfdən doğan zərurətdir, yoxsa, siyasi gedişdir, ümumiyyətlə, BMT-yə alternativ yeni qurumun yaradılması gündəmə gələ bilərmi?

AzNews.az xəbər verir ki, politoloq Fikrət Sadıqov Anspress-ə deyib ki, BMT İkinci Dünya müharibəsindən sonra aparıcı dövlətlər tərəfindən yaradılan beynəlxalq strukturdur. BMT dünyanın aparıcı qüvvələrinin - ABŞ, Çin, Fransa, Rusiya və İngiltərənin əlindədir və bu təşkilatı onlar idarə edirlər. Ona görə buna qarşı alternativ nəsə təşkil etmək, ona qarşı çıxış etmək, onu yenidən təşkil etmək mücərrəd məsələdir və bu, mümkün deyil. Əgər aparıcı dövlətlərin razılığı olmasa, ona alternativ təşkilat yarana bilməz. Sadəcə, Rusiya, ABŞ tərəfindən paralel olaraq regional səviyyədə hansısa təşkilatı yaradıla bilər. Düşünürəm ki, dünya səviyyəsində BMT-yə alternativ nəsə yaratmaq yaxın gələcəkdə mümkün olmayacaq.


Fikrət Sadıqov - politoloq

O, Putinin bəzi ölkə liderlərini bir yerə toplamasını siyasi gediş və gündəmi dəyişmək kimi dəyərləndirib: "Putin hazırda başa düşür ki, Rusiya sanksiya çərçivəsində yaşayır. Ona görə də onun ABŞ-a getməməsi müəyyən siyasi gedişdir. Yəni BMT-nin ABŞ ərazisində yerləşməsini "inkaretmə" addımıdır. Amma reallıqlar başqadır. İstəsək də, istəməsək də, xoşumuza gəlsə də, gəlməsə də, qəbul etsək də, etməsək də BMT faktiki olaraq dünyəvi təşkilatdır və orada mühüm qərarlar qəbul olunur. Əlbəttə, Putin hazırda çalışır ki, hansısa ölkələri ətrafına yığsın, Asiyada, Yaxın Şərqdə və başqa regionlarda olan ölkələrin marağını nəzərə alaraq, onlarla yaxınlıq etsin, müəyyən qarşılıqlı addımlar atsın, dünya siyasətində bir sıra təşəbbüslər irəli sürsün. Zənnimcə, bu, siyasi gedişdir və Qərbin Rusiyaya qarşı münasibətlərinin əks nəticəsidir. Çünki hazırda Rusiya ilə Qərb arasında qarşıdırma davam edir və bu, pik nöqtəsinə çatıb. Rusiya tərəfindən atılan addımları təbii qarşılamaq olar."

Fikrət Sadıqov Dağlıq Qarabağ münaqişəsinin istənilən təşkilatda, görüşlərdə müzakirəyə çıxarılmasını zəruri sayır. Onun sözlərinə görə, BMT-nin hər il keçirilən sessiyalarında əvvəlcədən gündəlik təsdiq olunur. Əlbəttə, bu məsələ gündəliyə salınsa və müzakirəyə çıxarılsa çox yaxşı olar.

Politoloq deyib: "Əgər Dağlıq Qarabağ məsələsinin gündəliyə salmaq üçün təşəbbüsünü Rusiya irəli sürürsə, bu, bizi qane edir. Amma gərək biz də fəallıq nümayiş etdirək, hücumedici diplomatik addımlar ataq. Əlbəttə, Qarabağ münaqişəsinin müzakirə olunması, dünyanın diqqətinə yenidən çatdırılması vacibdir. Çünki BMT-nin 1993-cü ildə Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamə indiyədək icra olunmur, havadan asılı vəziyyətdə qalıb. Faktiki olaraq Azərbaycan əziyyət çəkir, torpaqları işğal altındadır və BMT buna biganəlik göstərir."