“Düşünürəm ki, İctimai Palatanın liderləri bu təşkilatın ləğv olunmasını istəyirlər” “Düşünürəm ki, İctimai Palatanın liderləri bu təşkilatın ləğv olunmasını istəyirlər”

Rəsul Quliyevdən İP-ə daha bir sərt tənqid

“Düşünürəm ki, İctimai Palatanın liderləri bu təşkilatın ləğv olunmasını istəyirlər”



"Bu, uzun fasilədən sonra eyni ssenari və eyni adamlar tərəfindən, daha zəif təşkilatlanmaqla keçirilmiş aksiyadır". Bu sözləri eks-spiker Rəsul Quliyev AzNews.az-a müxalif gənclərin keçirdiyi aksiyaya münasibət bildirərkən deyib. O bildirib ki, İctimai Palata bu aksiyanı gənclərin aksiyası adı altında keçirməsi başa düşülən deyil: "Bir neçə ay bundan öncə İP-nin liderlərindən biri mənimlə debatda "Sentyabrda biz hökuməti getməyə məcbur edəcəyik"-deyə qışqırırdı, deməli, o bu aksiyanı nəzərdə tutub. Belə olarsa, vay bizim halımıza".

R.Quliyev qeyd edib ki, İctimai Palata güc mərkəzi deyil: "Mitinqə gələnlərin sayından görünür ki, İctimai Palatanı müxalifətin güc mərkəzi hesab edənlərin sayı o qədərdir. Quba hadisələri ilə müqayisə edin və müxalifətin "camaat qorxur" iddialarına münasibət bildirin. Düşünürəm ki, İctimai Palatanın liderləri bu təşkilatın ləğv olunmasını istəyirlər, amma bilmirlər bunu necə etsinlər. Daha doğrusu, bu addımlarını qəhrəmanlıq addımı kimi təqdim etmək üzərində baş sındırırlar".

Eks-spiker hesab edir ki, müxalifətin xalqı aldada bilmək resursları, artıq bitib: "Bu, maskaradı düzəltməyə ehtiyac yox idi. Özünüz diqqət yetirin, Moskvada heç vaxt siyasətlə məşğul olmayan insanların birləşməsi ölkə daxilində necə rezonans yaratdı, hökumət açıq aşkar reaksiya verdi. Amma ölkənin daxilində özünü güc mərkəzi adlandıranların aksiyalarından faktiki hökumətin heç xəbəri də yoxdur. İctimai Palata Məşvərət Məclisi ilə birləşməlidirlər. Əgər orada olan qüvvələr özlərinin şəxsi maraqlarını daha üstün hesab edirlərsə, açıq elan etsinlər".

İlkin Pirəli
AzNews.az