Zahid Oruc: “İbrahimbəyov o şəxslərdəndir ki, Mehriban Əliyevanın prezident olması ehtimalını müsbət dəyərləndirib” Zahid Oruc: “İbrahimbəyov o şəxslərdəndir ki, Mehriban Əliyevanın prezident olması ehtimalını müsbət dəyərləndirib”

“ÜATİ-dəki bəzi adamların Azərbaycan hakimiyyəti ilə əlaqələri var”- İDDİA

Zahid Oruc: “İbrahimbəyov o şəxslərdəndir ki, Mehriban Əliyevanın prezident olması ehtimalını müsbət dəyərləndirib”



İqbal Ağazadə: "Bu şəxslərin Azərbaycan siyasətinə müdaxiləsi inandırıcı görünmür"


Azərbaycanda keçiriləcək prezident seçkisinə bir il qalmış Rusiya paytaxtında azərbaycanlı oliqarxların yeni diaspor təşkilatı yaratması kifayət qədər ciddi müzakirələrə səbəb olub. Yaradılan Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) öz mövqeyini açıqlasa da, hələlik rəsmi Bakı deyilənlərlə qane olmayıb.

Təşkilatla bağlı fikirlərini bölüşən millət vəkili Zahid Oruc AzNews.az-a deyib ki, təşkilat rəhbərləri ilə Azərbaycan rəsmiləri arasında danışıqlar gözlənilir. Məlumatlar verildikdən sonra onların "yol xəritəsi" bəlli olacaq: "Bundan sonra Azərbaycanın rəsmi dairələri təşkilatla münasibətlərini müəyyən edəcəklər. Bəziləri bu qurumun fəaliyyətində bir sıra gizli məqamlar axtarmağa çalışdı. Deyim ki, orada təmsil olunanların bəzilərinin Azərbaycan hakimiyyəti ilə müəyyən əlaqələri var. Buna görə də həmin qurumun Azərbaycan üçün təhlükəli olmasına inanmıram. Belə ehtimal qeyri-realdır. Bu media, analitik dairələrin yanaşmaları idi".

Z.Oruc qeyd edib ki, orada yaşayan azərbaycanlılar Rusiyanın ictimai-siyasi həyatında iştirak etmirlər: "Soydaşlarımız nə Rusiya Dövlət Dumasında, nə də Rusiya prezident administrasiyasında təmsil olunurlar. Ona görə də bu təşkilatın fəaliyyətini mifikləşdirməyin əleyhinəyəm. İnanmıram ki, onlar hansısa dövlətlə əlbir olub, Azərbaycan hökumətinə qarşı addımlar atarlar. Rüstəm İbrahimbəyovun da orada təmsil olunmasına baxmayaraq, onun mövqeyini hakimiyyətin əleyhinə saymaq olmaz. İbrahimbəyov o şəxslərdəndir ki, Mehriban Əliyevanın prezident olması ehtimalını müsbət dəyərləndirib".

Deputat İqbal Ağazadə də deyib ki, yaradılan təşkilat fəaliyyət göstərmir: "Onun Azərbaycan üçün hər hansı təhlükə yaratdığına inanmıram. Çünki təşkilata daxil olan insanlar siyasətlə məşğul olmurlar".

Deputat hesab edir ki, azərbaycanlılar Rusiyada iqtsadi sahədə daha çox aktivdirlər. Bu şəxslərin Azərbaycan siyasətinə müdaxiləsi inandırıcı görünmür.

İlkin Pirəli
AzNews.az