Müsavatdan Akif Nağıya sərt cavab: “O, hədəfini səhv salıb”

"İsa Qəmbər indiyədək cəmiyyətə yalan söz deməyib. İsa bəyin dediklərinə "ağ yalandır" demək Akif Nağıya yaraşmayan bir haldır. O, sərt cavab almaq istəmirsə, sözlərinə fikir versin"

Bu sözləri AzNews.az Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının İsa Qəmbəri ittiham etməsinə cavab olaraq deyib. O qeyd edib ki, İsa Qəmbər Fredrix Naumann fondunun təşkil etdiyi tədbirlərdə həmişə iştirak edib. Xüsusilə də Cənubi Qafqazla bağlı olan tədbirlərdə. Həmin toplantıda Ermənistanın müxalifət partiyaları da iştirak edir. Müsavat başqanı ermənilərlə görüşə getmir. Akif Nağı da bunu yaxşı bilir. O, hədəfini səhv salıb. Ona bir qədər ehtiyatlı olmağı məsləhət görərdim".

Başqan müavini qeyd edib ki, Azərbaycanın xarici işlər naziri də, Rusiyadakı səfirimiz də ermənilərlə görüşür. Bu, diplomatik danışıqlardır: "Bütün bunlar ola-ola Akif Nağı müxalifəti niyə tənqid edir ki? Müxalifətdirmi Qarabağın alınmasının qarşısını alan? QAT-sədri kimin üzərinə getməyi yaxşı bilir. Amma indiki halda onun Müsavat Partiyasına yönəlmiş iftiralara, ağ yalanlara söz tapmaqda çətinlik çəkirəm. Mənə elə gəlir ki, bu mənim tanıdığım Akif Nağı deyil".

Bildirək ki, Qarabağ Azadlıq Təşkilatı (QAT) Müsavat başqanı İsa Qəmbərin Gürcüstanda erməni siyasi partiya rəhbərilə görüşünü sərt tənqid edib. Akif Nağı İsa Qəmbərin Gürcüstan səfərinin arxasında başqa maraqların dayandığını bildirib. Onun sözlərinə görə, bu kimi görüşlərin arxasında beynəlxalq güclərin sifarişi dayanır: "Qarabağ Azadlıq Təşkilatı Müsavat başqanı İsa Qəmbərin Gürcüstanda erməni partiya rəhbərləri ilə görüşünü qətiyyətlə pisləyir. Hesab edirəm ki, bu kimi görüşlərin arxasında gizli maraqlar dayanır. Beynəlxalq mərkəzlərdən onlara siqnal verilib ki, artıq Qarabağ məsələsi qurtarıb və bundan sonrakı dövrü formalaşdırmaq lazımdır".

Qeyd edək ki, oktyabrın 29-30-da Gürcüstanın paytaxtı Tiflisdə üç Qafqaz ölkəsinin - Azərbaycan, Ermənistan və Gürcüstanın liberal siyasi partiya rəhbərlərinin görüşü olacaq.

İlkin Pirəli
AzNews.az