Azərbaycandan Amsterdama sərt - Bəyanat

Azərbaycan-Türk Kültür Mərkəzi Niderlandın Amsterdam Azad Universitetində erməni lobbisinin planlaşdırdığı tədbirlə əlaqədar ali təhsil ocağının rəhbərliyinə bəyanat göndərib.


Diasporla İş üzrə Dövlət Komitəsindən AzNews.az-a verilən məlumata görə, bu ölkədəki erməni diasporu noyabrın 7-də adıçəkilən universitetdə qondarma "Dağlıq Qarabağ respublikası"na həsr olunmuş "Tanınmamış ölkələr: problemin həlli nədir?" mövzusunda seminar keçirməyi, tədbirə separatçı rejimin "millət vəkili" Armen Sarkisyanı dəvət etməyi planlaşdırır.

Azərbaycan-Türk Kültür Mərkəzi isə seminarın keçiriləcəyi Amsterdam Azad Universitetinin rəhbərliyinə etiraz məktubu ünvanlayaraq qondarma "Dağlıq Qarabağ respublikası"nın Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisini işğalı nəticəsində, Azərbaycan torpaqlarında yaradıldığını onların diqqətinə çatdırıb. Bildirilib ki, "respublika"nın yaradılması üçün Azərbaycanın 7 rayonu işğal edilib, minlərlə insan öldürülüb, bir milyondan çox azərbaycanlı doğma yurdundan qovulub.

Bəyanat müəllifləri əlləri qana batan separatçı kriminal rejimin nümayəndəsinin Amsterdam Azad Universitetində çıxışını Niderland Krallığında yaşayan azərbaycanlılarda dərin təəssüf və qəzəb hissi doğurduğunu bildiriblər.

Yerli ictimaiyyəti Dağlıq Qarabağdakı separatçı rejimə qucaq açmamağa çağıran Azərabycan diaspor nümayəndələri ümid edir ki, universitetin müəllim və professor heyəti Azərbaycanın ərazi bütövlülüyü prinsiplərinə hörmətlə yanaşaraq, işğalçı rejimin nümayəndələrinə çıxış etmək üçün şərait yaratmayacaq.