Azərbaycan prezidenti Abdullah Gülü təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev Türkiyə prezidenti Abdullah Gülü Türkiyənin milli bayramı – Respublika günü münasibətilə təbrik edib.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, təbrikdə bildirilir ki, bu gün Türkiyə özünün siyasi nüfuzu, iqtisadi qüdrəti ilə regionun aparıcı dövlətlərindən birinə çevrilib: "Biz Türkiyənin beynəlxalq miqyasda bütün uğurlarına hədsiz dərəcədə sevinir və bundan fərəh hissi keçiririk. Xalqlarımızın yekdil iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi, müttəfiqliyi və tərəfdaşlığı qardaşlıq duyğularımızı bariz şəkildə təcəssüm etdirir. İkitərəfli əməkdaşlıq zəminində əldə etdiyimiz misilsiz nailiyyətlər ölkələrimizin tərəqqisinə, qardaş xalqlarımızın rifahına, regionumuzda əmin-amanlığın bərqərar olmasına dair niyyətlərimizin gerçəkləşən ifadəsidir. Əminəm ki, xalqlarımız arasında dərin tarixi kökləri olan möhkəm tərəfdaşlıq münasibətləri bundan sonra da bütün birgə işlərimizdə yeni uğurlara yol açacaqdır".

Məktubun sonunda Azərbaycan prezidenti qardaş Türkiyəyə daim sülh və çiçəklənmə arzulayıb.

AzNews.az