Alman jurnalistin adı “qara siyahı“ya salınacaq

Jurnalistin erməni təbliğat maşınının təsiri ilə münaqişəyə dini don geyindirmək cəhdi hər hansı tənqidə dözmür.

Münaqişədə siyasi və hüquqi əsaslardan məhrum olan Ermənistan indi də din pərdəsi altında öz işğal və təcavüzünə "bəraət" qazandırmağa çalışır. Hamıya bəllidir ki, münaqişənin səbəbi Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və törətdiyi işğal və təcavüzdür.

Bunu Almaniyanın Die Welt qəzetində jurnalist Von Elin Enrenreyx tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edərək, yazılmış məqaləyə münasibət bildirən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN sözçüsü qeyd edib ki, yazıdan göründüyü kimi səfər Gebeko adlanan turizm şirkəti tərəfindən təşkil edilib və maliyyələşdirilib: "Sifarişlə həyata keçirilən bu səfərdən hər hansı peşəkar və obyektiv jurnalist qənaəti gözləmək qeyri-mümkündür. Media etikasından kənar şəkildə jurnalist Ermənistanın təbliğatının təsiri altında Azərbaycana qarşı törədilmiş işğal, təcavüz və qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimi təşviq edir. Obyektiv media prinsiplərinə xidmət edən jurnalist işğala məruz qalmış Azərbaycanın və haqqında bəhs etdiyi Şuşa və Xankəndi şəhərlərindən qovulmuş azərbaycanlı məcburi köçkünlərin də mövqeyini əks etdirməli idi".

H.Hacıyev bildirib ki, Azərbaycanın multikulturalizm ənənələri, pravoslav, katolik və yəhudi dini icmalarına göstərilən qayğı, eləcə də qonşu Gürcüstan ilə xalqlarımızın çoxəsrlik dostluğuna əsaslanan strateji tərəfdaşlıq münasibətləri nümunəvi xarakter daşıyır: "Bu jurnalistin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək. Almaniyadakı səfirliyimiz tərəfindən də Die Welt-in redaksiyasına narazılığımız çatdırılacaq və müvafiq olaraq Gebeko şirkəti tərəfindən ölkəmizin işğal olunmuş ərazilərinə qanunsuz səfərlərin təşkil edilməsi araşdırılacaq".

Trend.az